İqor Ponomaryov: "Axır ki, bəxt üzümüzə güldü" - Müsahibə
29.01.2024 - 09:59
İqor Ponomaryov: "Axır ki, bəxt üzümüzə güldü" - Müsahibə

Ölkə çempionatının 20-ci turunun mərkəzi qarşılaşması olan "Zirə" - "Sabah" görüşü baş tutub. Dramatik keçən oyunda "bayquşlar" 90+9-cu dəqiqədə penalti zərbəsindən qol vuraraq qələbə qazanıb.  

Apasport.az xəbər verir ki, Zirədə matçı sona qədər ayaq üstə izləyənlər arasında "Sabah"ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov da var idi. Veteran futbolçunun oyun sonrası fikirlərini aldıq. 

- Oyunu necə qiymətləndirərdiz? 
- Bugünkü matçda böyük emosional atmosfer vardı. Sayca azlıqda olmağımıza rəğmən təslim olmayıb, xarakter göstərib, son dəqiqələrdə qələbə topunu vurduq. Axır ki, bəxt üzümüzə güldü. Komandamızı təbrik edirəm. Hesab edirəm ki, bu qələbə qarşıdakı oyunlarımız üçün motivasiya olacaq. 

- Rəqibiniz onları hakimlərin uduzdurduğunu deyir. Oyun idarəçiliyi haqqında nə deyərdiz? 
- Futbol səhvlər oyunudur. Təbii ki, hakim səhvləri də olur. Ona qalsa, bizim kapitanımıza qırmızı vərəqə verildi. Gərək biz də müxaliflik edək. Amma bügünkü matçda hakimliyin üzərinə çox getməyin tərəfdarı deyiləm. Bizim üçün əsas olan meydandan qələbəylə ayrılmağımızdı. 

- Futbolçuların hazırlıq səviyyəsindən razısınızmı? 
- Ümumi götürəndə, oyunçularımız pis təsir bağışlamır. Hər biri həm məşqdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Onlara sadəcə afərin deyə bilərəm. 

- Top-liqa təcrübəsi olan İshak Belfodili böyük ümidlərlə transfer etmisiz. Amma o, hələlik heç nə ilə fərqlənmir. Bu barədə nə deyərdiz?
- Belfodilə ümidlərimiz hələ də böyükdü. Sadəcə o komandamıza gələndə, həm zədəliydi, həm oyun təcrübəsizliyindən əziyyət çəkirdi. Amma o, məşqlərdə səylə çalışır. İnanıram ki, qarşıdakı 3-4 turdan sonra Belfodildən yaxşı performans görəcəyik. 

- Artıq neçə oyundur, qapıda Nicat Mehbalıyevi görürük. O, artıq "1 nömrə"yə çevrilibmi? 
- Komandamızdakı bütün qapıçıların yaxşı potensialı var. Onların hər biri özünü yaxşı tərəfdən göstərə bilər. Heyətimizdəki 4 qapıçının hər birinə güvənirik. Nicatın "1 nömrə" olmasına gəlincə, hər şey onun özündən asılıdır. 

- Sabiq futbolçunuz Ceyhun Nuriyev bu gün sizə qarşı çıxış edirdi. Onun barəsində nə deyərdiz? 
- Ceyhun bu gün xüsusi motivasiya ilə çıxış edirdi. Düşünürəm ki, o, yaxşı oyunuyla diqqət çəkdi. Gələcəkdə onun daha yaxşı performans sərgiləyəcəyinə inanıram. 

- Çempionatın 2-ci yarısını necə xarakterizə edərdiz? 
- Komandalar qış fasiləsindəki toplanışlarda müəyyən yükləmələrlə çempionata qoşulur. Bu da təbii ki, ilk oyunlarda öz təsirini göstərir. Hələ 2 tur geridə qalıb. Ona görə də, gəlin, qiymətləndirməyə tələsməyək. 

- "Zirə"ylə matçda azarkeşlər sona qədər "Sabah"a dəstək verdilər. Fanatlarınıza nə deyərdiz? 
- Soyuqlu, küləkli havada uzaq məsafə qət edib bizi tək qoymadıqları üçün onlara təşəkkkürümü bildirirəm. Bundan sonra da onların bizə güvənməsini və tribunaları doldurmalarını arzulayıram. 

Abdulla İsmayıloğlu

0