İsmayıl Zülfüqarlı: "İstənilən komandaya qarşı uğurlu nəticəyə oynayacağıq" - MÜSAHİBƏ
10.07.2023 - 20:37
İsmayıl Zülfüqarlı: "İstənilən komandaya qarşı uğurlu nəticəyə oynayacağıq" - MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi İsmayıl Zülfüqarlının apasport.az saytına müsahibə verib.

- "Neftçi" "Srvena Zvezda" ilə görüşdə 0:4 hesabı ilə uduzdu. Görüşlə bağlı nə deyə bilərsiz?
- Oyunun bizim üçün yaxşı keçdiyini deməzdim. Hesab da, bunu göstərir. "Srvena Zvezda" səhvlərimizdən maksimum istifadə etdi. Oyunumuz istədiyimiz kimi alınmadı.

- Bu məğlubiyyət kollektivdə inamsızlıq yaratmayacaq ki?
- Çalışırıq oyunlarda maksimum nəticə qazanaq. Bu qarşılaşmalar bizi çempionata və avrokuboklara hazırlıq üçün lazımdır. Azarkeşlərimiz bizə hər zaman dəstək olur, inanır. Çalışacağıq ki, onları sevindirək.

- "Neftçi"nin "Srvena Zvezda"ya ilə müqayisədə "Zenit"ə qarşı daha yaxşı oynadığı ilə razısan?
- Mən də belə düşünürəm. Çünki həmin oyun səhvlərimiz çox az oldu. Bu qarşılaşmada isə daha çox səhvlər etdik. Hücumda da yaxşı çıxış edə bilmədik.

- Son oyun "Fənərbaxça"ya qarşıdır. Ən azından bu matçda qalib gəlmək istəyirsiz, yoxsa yenə qələbə önəmli deyil?
- Bütün oyunlarda qələbə önəmlidir. Bu görüşdə çalışacağıq ki, qələbə qazanaq. Turniri qələbə ilə yekunlaşdırmaq üçün əlimizdən gələni edəcəyik. 

- Adrian Mutunun baş məşqçi postuna gətiriləcəyi gözlənilir. Bu haqda kollektivdə söhbət edirsiz?
- Düzünü desəm, yeni baş məşqçinin olacağı deyilir. Amma kim olacaq, bu, dəqiq deyil. Kim gələcəksə, bizim komandamız üçün xeyirlisi olsun.

- "Neftçi"nin qapıçıları - Aqil Məmmədov və Emil Balayev zədələnib. Bu barədə nə deyəcəksən?
- Allah hər ikisinə şəfa versin. Onlar bizim üçün vacib oyunçular və vacib insanlardır. Onların kollektivdə olması bizə həm təcrübə, həm də komanda olaraq xeyirdir. Hər ikisinə Allah şəfa versin, Allah qoysa, ən qısa müddətdə geri dönər və yanımızda olar.

- Azərbaycanda ən çox sevilən klublar "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça"dır. Sənin üçün də "Fənərbaxça"ya qarşı oynamaq yaddaqalan olacaq? Türkiyədə daha çox sevdiyin klub hansıdır?
- Təbii ki, bu klubların Azərbaycanda böyük azarkeş kütləsi var. Qardaş komandalarımıza qarşı oynamaq gözəl hissdir. Ancaq hər oyuna eyni motivasiya ilə çıxırıq. Türkiyədə ən çox bəyəndiyim klub "Qalatasaray"dır. İstənilən rəqibə qarşı meydana qələbə üçün çıxacağıq.

- "Dinamo" - "Jelezniçar" matçının Bakıda keçirilməsi sizin üçün üstünlükdür?
- Rəqiblərimizi yaxından görmək həm taktiki, həm fiziki sarıdan yaxşıdır. Ancaq üstünlük olduğunu düşünmürəm. Hansı rəqiblə oynasaq da, qalib gəlməyə çalışacağıq. Rəqibimizin "Dinamo", yoxsa "Jelezniçar" olacağı barədə bir söz deyə bilmərəm. İstənilən komandaya qarşı uğurlu nəticəyə oynayacağıq.

0