Juninyo Braziliya milli komandasında: MÜMKÜN GEDİŞAT
14.01.2025 - 13:09
Juninyo Braziliya milli komandasında: MÜMKÜN GEDİŞAT

Juninyonun Braziliya millisi üçün şansları necədir? Bu sualın cavabını tapmaq üçün bir neçə faktoru nəzərdən keçirmək lazımdır. Braziliya millisinin tələbatları, Juninyonun oyun stili, onun hazırkı komandasının durumu… 

Braziliya millisinin son illərdəki performansını dəyərləndirərkən yeni istedadları komandaya qazandırmaq üçün vacib zərurətin olduğunu görmək çox da çətin deyil. Xüsusən, Vinisius Junior, Rodriqo kimi oyunçular ölkənin zəngin futbol ənənələrini yaşatmağı davam etdirir. Bununla birlikdə, yeni oyunçuların axtarışı cari ehtiyacı qarşılamaq üçün əsas strategiyalardan biridir. Çünki Neymarın milli karyerasının bitməsindən sonra yığmada ciddi boşluqlar yaranıb. Son illərdə alışdığımız Braziliya millisini görə bilmirik. Yığmanın “9 nömrə” olaraq bildiyimiz nominal hücumçu mövqeyində ciddi boşluğu var. Həmin mövqedə İqor Xesus çıxış edir. 23 yaşlı gənc hücumçunun karyerası isə elə də parlaq deyil. O, ölkə xaricində yalnız BƏƏ-də forma şansı qazanıb. 4 il “Şəbab Əl-Əhli”nin şərəfini qoruduqdan sonra Braziliyaya dönüb və “Botofaqo”da çıxış etməyə başlayıb. Millinin son oyunlarına baxsaq, əsas heyətdə şans qazanan forvard heç də Juninyodan üstün deyil. Bu məqamda “Qarabağ”ın sabiq forvardının milli komandada oynamaq ehtimalı ortaya çıxır. Bəs Juninyo nə qədər münasibdir?

Əslində, Juninyonun oyun stili Braziliya millisinin strategiyasına tam uyğun deyil. Ancaq bu səbəbdən onun şəxsi bacarıqlarının milli komanda üçün yararsız olduğunu söyləmək doğru olmaz. Forvardın “Flamenqo”ya keçidindən sonra yenidən Braziliya futboluna adaptasiya olacağını düşünmək mümkündür. 

* O, 2023/24 mövsümündə 20 qol vurub və 15 assist edib;
* 2024/25 mövsümündə isə 10 qol və 3 assistlə yadda qalıb;
* Juninyo müdafiəni daim təzyiq altında saxlama bacarığına malikdir;
* Avrokubok təcrübəsi var;
* Nəhəng klublara qarşı rahat və səlis oynamağı bacarır.

Juninyo xüsusilə əks-hücumlarda olduqca effektiv ola bilir. Onun sürətli reydləri və fərdi oynamaq bacarığı pentakampeonların oyun stilinə uyğun gəlir.

Riçarlison, Joao Pedro, Evanilson zədə səbəbindən bir müddətdir ki, futboldan kənar qalıb. Ulduzların yoxluğunda bu boşluğu İqor Xesus doldurur. Lakin onlardan başqa ön xətdə Endrik kimi vunderkid də mövcuddur. “Real”ın futbolçusu yaş və təcrübə baxımından ehtiyat oyunçular skamyasında yer alır. O, matçlara sonradan daxil olur. 

Belə bir şəraitdə, ulduzların yoxluğunda Juninyonun şans qazanması mümkündür. O, “Flamenqo”da daimi heyət üzvünə çevrilərsə, böyük ehtimalla milli komandaya dəvət alacaq. 

Hazırda yığmada Braziliya A Seriyasından bir neçə futbolçu yer alır. Hətta onlardan üçü “Flamenqo”da çıxış edir. Demək ki, bu komanda baş məşqçinin diqqətindən yayınmır. Milliyə şans qazanmaq üçün Juninyonun performansı həlledici olacaq.

“Sevilya” kimi Avropa klubunu “Flamenqo”ya dəyişmək bəlkə də bunun üçün atılan addım idi. Doğma ölkəsində, öz oyun stilində, azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə çıxış etmək Juninyonu daha da irəli aparacaq.

Onun Braziliya hava limanında qarşılanması, ölkə mediasının və azarkeşlərin onu səbrsizliklə gözləməsi, aeroport işçilərinin, mühafizə xidmətinin Juninyoya olan münasibəti artıq diqqətləri üzərinə çəkdiyini göstərir. Bəlkə də, doğma ölkəsinə qayıtması milli komandanın qapısını döyməsi deməkdir.
 

0