Kevin Medina: “Layiqli cavab verə bildik”
11.08.2023 - 12:32
Kevin Medina: “Layiqli cavab verə bildik”

Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə ev oyunundan sonra “Qarabağ”ın müdafiəçisi Kevin Medina jurnalistlərə müsahibə verib.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı legioner 2:1 hesablı qələbəyə şərh verib və mərhələ keçmək şanslarını dəyərləndirib.

- Qalib gələ bildiniz. GÖrüşlə bağlı fikriniz necədir?
- Əslində, ciddi oyun oldu. Çünki rəqiblə birinci dəfə qarşılaşdığımız üçün ətraflı məlumata sahib deyildik. HİK də ciddi rəqibdir. Rəqibin göstərdiyi oyununa qarşılıq olaraq, layiqli cavab verə bildik.

- Matçın gedişində Elvin Cəfərquliyevlə aranızda söz mübahisəsi yaşandı. Nə baş vermişdi?
- Futbol dialoqlar üzərində qurulur. Oyun ərzində çox epizodlar olur ki, komanda yoldaşlarınla dialoq qurursan, danışırsan. Elvinlə olan məsələ də, oyun epizodu idi. Nəzərə alaq ki, stadionda azarkeşlərin səsinə görə, bir-birimizi eşitmirik. Ona görə də, bəzən səsimizin tonunu qaldırmaq məcburiyyətində oluruq. Kənardan elə görüntü yarana bilər ki, sanki aramızda mübahisə gedir. Amma əslində, normal dialoqdur. 

- “Rakuv”la oyundan sonra mediadan, sosial şəbəkələrdən komandaya kifayət qədər təzyiqlər oldu. Həmin görüşdən sonra HİK-lə görüşə hazırlaşmaq necə idi?
- Əslində, biz təzyiqi sosial mediada, mətbuatda deyil, meydanda oyun zamanı hiss edirik. Mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi bir az anlaşılmazdır. Çünki illər boyu Azərbaycan azarkeşinə bu sevinci yaşadan klub kimi, “Qarabağ”ın üzərinə bu qədər gedilməsini anlaya bilmirəm. Digər klublara olduğu kimi, “Qarabağ” da dəstək olmaq lazımdır. Gərginliyi azaltmaq, mətbuatın bu işdə dəstəyi lazımdır.

- “Rakuv”la görüş çətin oldu, yoxsa HİK-lə?
- Hər bir oyun yeni tarixdir, fərqlidir. “Rakuv”la oyunlar geridə qalıb. Hər dəfə yeni rəqiblə qarşılaşanda öhdəmizə düşən iş rəqibi daha yaxından tanımaq, analiz etməkdir. 

- Mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Şans həmişə var. Üzərimizə düşən işləməkdir. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq. 

- HİK qapınız qarşısında 7 qol imkanı yaratdı. Fərdi olaraq yaxşı oynasanız da, “Qarabağ”ın müdafiə xətti zəif çıxış etdi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Mənim oyunumu belə dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Digər məsələyə gəldikdə, futbol səhvlərdən asılı olan oyundur. “Qarabağ” az qol buraxan komandalardandır. HİK də məhsuldar sayıla biləcək rəqiblərdəndir. Qol vəziyyətlərindən istifadə edə bilən komandadır. Rəqib təzyiq yaratdıqda, bəzi ehtiyatsızlıqlar oldu. Amma bunu yoluna qoymaq üçün işləmək lazımdır. Biz də bunu edəcəyik.
 

0