Klublarımızın Konfrans Liqasındakı mümkün rəqibləri açıqlandı
21.06.2023 - 12:07
Klublarımızın Konfrans Liqasındakı mümkün rəqibləri açıqlandı

Konfrans Liqasının II təsnifat mərhələsinin bugünkü püşkatması ərəfəsində UEFA komandaları qruplara bölüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının mümkün rəqiblərinin sayı azalıb.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi”ni 5 variant gözləyir. Bakılılar “Debretsen” (Macarıstan), MOİK 1948 (Bolqarıstan), “Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus), “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq.

Səpələnməmişlər sırasında yer alan “Sabah”ın mümkün rəqibləri ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan), “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütlərinin qalibidir.

“Qəbələ” isə “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus), “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütlərinin qalibi ilə qarşılaşa bilər.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

0