Krakov-2023: Qılıncoynadanlarımız 6-cı oldu - YENİLƏNİB
30.06.2023 - 17:23
Krakov-2023: Qılıncoynadanlarımız 6-cı oldu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qılıncoynatma yarışlarına yekun vurulacaq.

Avropa çempionatı statusu daşıyan komanda yarışında Azərbaycanın qadın sablyaçıları da mübarizə aparıb. Anna Başta, Polina Kaspiaroviç, Səbinə Kərimova və Valeriya Bolşakova yarışa 1/8 finaldan başlayıb.

Təmsilçilərimizin ilk rəqibi Rumıniya olub. Komandamız 45:42 hesabı ilə qalib gəlib.

Yığmamız bununla da 1/4 finala adlayıb. Millimiz yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə İtaliya ilə qarşılaşıb.

Millimiz bu dəfə 42:45 hesabı ilə uduzub. Sablyaçılarımız bununla da mükafatlar uğrunda mübarizəni dayandırıb. 

Yığmamız 5-8-ci yerlər üçün ilk qarşılaşmada Yunanıstanla üz-üzə gəlib. Bu dəfə yığmamız asan qələbə qazanıb. Sablyaçılarımız 45:29 hesabı ilə qalib gəlib.

Təmsilçilərimiz 5-ci yer uğrunda matça vəsiqə qazanıb. Polşadakı son rəqib İspaniya olub. 42:45 hesablı məğlubiyyət alan qılıncoynadanlarımız Avropa Oyunlarını 6-cı yerdə başa vurub.

Qeyd edək ki, bu gün kişi şpaqaçılar da komanda yarışında qüvvəsini sınayır. Azərbaycan yığması 1/16 finalda mübarizəni dayandırıb.
 

0