Misli Premyer Liqasının XIII turunun "Sabah" - "Kəpəz" matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.
"Hər birinizi bayram münasibətilə təbrik edirəm. Oyuna böyük səhvlə başladıq və qapımızda qol gördük. Belə olan halda oyuna davam etmək bir az çətindir. Amma qısa müddətdən sonra oyunu bərabərləşdirdik və rəqibdən daha yaxşı oynadıq. Bəxt sayəsində qol vurduq. Hücum etdiyimizə, rəqibə təzyiq etdiyimizə görə belə qol vura bildik. Bəzən belə olur. İkinci hissədə rəqibdən daha yaxşı idik. İki dənə yüz faizlik epizoddan istifadə edə bilmədik. Əfsuslar olsun ki, biz qol vura bilmədik, əksinə rəqib fərqləndi".
- Qələbə qazansaydız, oyun sizi qane edəcəkdi?
- Futbolçuların yanaşmasına, mübarizəsinə görə heç nə deyə bilmərəm. İki böyük səhvdən qapımızda qollar gördük.
- Son iki oyunda son dəqiqələrdə qol buraxırsız. Komanda fiziki cəhətdən çatdırmır?
- "Zirə" ilə matçda da son dəqiqələrdə qol buraxmışdıq. Fiziki durumla bağlı bir şey deyil. Oyuna daha çox fokuslanmaq lazımdır.
- Son nöqtəni qoya bilməməyin səbəbi nədir?
- Rəqibə yuxarıdan aşağı baxdığımızı düşünmürəm. Bu, futboldur, belə şeylər olur. Bəzən boş qapıya qol vura bilmirik.
- Autsayderlə matçlarda itirilən xallar gələcəkdə "Sabah"a necə təsir edəcək?
- Rəqiblərin 3-4-cü dövrədə aqressiv mübarizə aparmaları normal olacaq. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Hər oyunda yaxşı oynayan tərəf də bizik, xallar itirən də. Bunu şərh etmək çətindir. İtirilən hər xal problem yaradır.