Kurtar: “Əminəm ki, “Qarabağ” – “Qalatasaray” görüşündə stadion tam dolacaq”
15.03.2023 - 14:16
Kurtar: “Əminəm ki, “Qarabağ” – “Qalatasaray” görüşündə stadion tam dolacaq”

“Həqiqətən də çox sevindim. Ona görə sevindim ki, bu iki ölkənin komandaları üz-üzə gələcək”.

Bunu apasport.az saytına “Rəvan”ın sabiq baş məşqçisi Güvənç Kurtar deyib.

2014-cü ildə ölkəmizdə çalışan mütəxəssis Azərbaycan və Türkiyə klubları arasında bu ay baş tutacaq xeyriyyə xarakterli yoldaşlıq oyunlarına münasibət bildirib. Super Liqada “Kocaelispor”, “Dənizlispor”, “Rizəspor” kimi klubları çalışdıran Kurtar “Qarabağ”ın “Qalatasaray”la, “Beşiktaş”ın isə “Sabah”a qarşı keçiriləcək görüşlərini sevinclə qarşılayıb: “Qalatasaray” və “Qarabağ” böyük klublardır, hazırda da öz liqalarının liderləridir. Doğrudur, oyun milli komandaların qarşılaşmaları ilə bağlı fasiləyə düşəcək. Amma istənilən halda çox gözəl və maraqlı matç olacaq. Üstəlik, görüş xeyriyyə məqsədi ilə keçirilir. Hər iki klub bu cür addım atıb”. 

Kurtar ölkəmizdə türk futboluna olan sevgidən də danışıb: “Azərbaycanda Türkiyə futbolunun, “Qalatasaray” azarkeşlərinin çox olduğunu bilirəm. Bu mənada, ölkənin ən böyük, ən çox tutumlu stadionunda keçiriləcək görüş çox yaxşı alınacaq. Stadionun tam dolacağına inanıram. İki qardaş ölkənin klublarının bu məqsədlə qarşılaşması əla addımdır. Məncə, Türkiyə klubları ilə Azərbaycan komandaları tez-tez qarşılaşmalıdır. Ümidvaram ki, bundan sonra belə olacaq”. 

Mütəxəssis “Beşiktaş”ın “Sabah”la görüşəcəyinə də toxunub: “Doğrudur, “Beşiktaş”ın da Azərbaycana səfəri müzakirə edilir. Hər halda, bu iki ölkənin klublarının qarşılaşması təqdirəlayiqdir. Dostluq havasında keçiriləcək oyunlar olacaq. İmkan olarsa, bu iki matçı canlı yerindən izləmək daha maraqlıdır. Əminəm ki, həm “Qarabağ” – “Qalatasaray”, həm də “Beşiktaş” – “Sabah” görüşlərində stadion tam dolacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək. “Sabah” – “Beşiktaş” qarşılaşmasının yeri və vaxtı dəqiqləşməyib.
 

0