“Xankəndiyə getmək, şəhər stadionunda meydana çıxmaq bizim bir nömrəli hədəfimizdir. Çünki yarandığımız, təsis olunduğumuz gündən elan etmişik ki, klub Xankəndi şəhərini təmsil edir”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Xankəndi” Futbol Klubunun Lisenziyalaşdırma üzrə meneceri Rəşad Babayev deyib.
Klub rəsmisi komandanın Xankəndi şəhərinə mümkün gedişi ilə bağlı danışıb. O, bu istiqamətdə müzakirələrin getdiyini bildirib:
“Yay aylarında rəhbərliklə məsləhətləşərək gənclər və idman naziri Fərid Qayıbova məktub ünvanlamışıq. Həmin məktub ünvanına çatıb. Biz orada Xankəndi şəhər stadionunda oynamaqla bağlı xahiş etmişik. Bildirmişik ki, arenada təmir işləri bitdikdən, istismara yararlı olduqdan sonra “Xankəndi”yə verilsin.
Bununla bağlı Gənclər və İdman Nazirliyində futbola nəzarət edən sektorla görüşümüz də olub. Həmin görüşdə bizə mənfi cavab verilməyib. Sadəcə bildirilib ki, stadion hazırda yenidənqurma və təmir mərhələsindədir, işlərin yanvar ayında tamamlanması planlaşdırılır. Ehtimal olunur ki, 2026-cı ilin mart ayında açılış baş tutsun və açılışdan sonra stadion yerli klubların istifadəsinə verilsin.
Ötən ilin noyabr ayında cənab nazirin də mətbuata açıqlaması olmuşdu ki, Xankəndi şəhər stadionu açıldıqdan sonra yerli klubların istismarına veriləcək. Əslində bu, məntiqi və zəruri yanaşmadır. Çünki Azərbaycanda AFFA-nın bayrağı altında keçirilən yarışlar üçün yararlı stadionların sayı kifayət qədər azdır. Bu gün eyni stadiondan bir neçə klub istifadə edir. Bu baxımdan Xankəndi şəhər stadionunun boş qalmaması və klubların istifadəsinə verilməsi vacibdir. Hazırda isə bu stadiondan istifadə etməyə ən çox haqqı olan klub məhz “Xankəndi” Futbol Klubudur.
Çünki artıq biz mövcuduq. Ötən il Region Liqasında çempion olmuşuq, bu mövsüm II Liqada çempionluq uğrunda mübarizə aparırıq və turnir cədvəlinin ön sıralarındayıq. Əsas hədəfimiz çempionluq və I Liqaya vəsiqə qazanmaqdır. Bu baş verdikdən sonra Xankəndi şəhər stadionunda oynamaq bizim üçün böyük şərəf və qürur olacaq. Biz futbolla öz şəhərimizə qayıtmaq istəyirik”.
Babayev komandanın dogma şəhərində oynamasının üstünlüklərindən danışıb. O, bunun Qarabağ regionu üçün zəruri addım olduğunu söyləyib:
"Qarabağ Universiteti ilə münasibətlərimiz mövcuddur. Universitetin tələbə və müəllim heyətindən ibarət bir qrup artıq “Xankəndi” Futbol Klubunun fan-klubunu yaradıb. Yaxın zamanda komanda olaraq Xankəndiyə səfər etməyi, azarkeşlərimizlə görüşməyi və komandanı şəhərə təqdim etməyi planlaşdırırıq. Sadəcə hava şəraitinin daha əlverişli olmasını gözləyirik.
Hesab edirik ki, Xankəndi şəhərinin əhalisi və ətraf rayonların sakinləri klubun potensial azarkeş bazasıdır. Əgər rəsmi oyunlarımızı Xankəndi şəhər stadionunda keçirsək, stadionun hər həftə dolacağına inanırıq. Qarabağ bölgəsində futbola maraq böyükdür.
Ümid edirik ki, ölkə rəhbərliyi, Gənclər və İdman Nazirliyi, AFFA və Peşəkar Futbol Liqası səviyyəsində “Xankəndi” Futbol Klubunun Xankəndi şəhər stadionunda oynamasına heç bir maneə olmayacaq. Razılığa gələ bilsək, II Liqanın “6-lıq” mərhələsinin hansısa matçlarını öz şəhərimizdə keçirə bilərik.
PFL rəhbərliyi ilə də bu məsələni müzakirə etmişik və onlar da bunun Azərbaycan futbolu üçün tarixi hadisə olacağını bildiriblər.
Biz region klubuyuq, Bakı klubu deyilik. Xankəndi ilə bağlı yalnız stadion məsələsi deyil, daha geniş futbol layihələri düşünürük: Xankəndi futbol akademiyasının yaradılması, infrastrukturun qurulması və ətraf rayonların bu layihəyə cəlb olunması planlarımız arasındadır.
Bizim məqsədimiz aydındır – Xankəndiyə qayıtmaq. Bunun üçün lazım olan əsaslar formalaşır və yaxın gələcəkdə bu arzunun reallığa çevriləcəyinə inanırıq”.
Qeyd edək ki, “Xankəndi” hazırda 42 xalla II Liqanın turnir cədvəlinə liderlik edir. Komanda ötən mövsüm Region Liqasının çempionu olub.