
“Səbail” və Azərbaycan milli komandasının müdafiəçisi Mert Çelik apasport.az saytına müsahibə verib.
- “Səbail” son matçda "Kəpəz"lə qarşılaşdı və görüş 1:1 hesabı ilə bitdi. Matç sizin üçün necə alındı? Yəqin ki, davam və ya tamam matçı idi. 1 xal sizi razı saldı?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. “Kəpəz”lə görüşdə meydana üç xal qazanmaq üçün çıxmışdıq. Ancaq təəssüf ki, bir xalla kifayətləndik. Hər halda, yarış davam edir, qarşıda matçlarımız var. İnanıram ki, bu yarışda qazanan tərəf biz olacağıq. Yaxşı komandamız var və sona qədər mübarizəmizi aparacağıq.
- “Kəpəz"lə görüşdə niyə qələbə qazana bilmədiniz? Sanki 1:1-dən sonra "Səbail" daha çox hesabı qorumaq istədi?
- Əslində, daha çox qol epizodları yaradan tərəf biz idik. Sadəcə son ötürmələrdə tələsirdik. Bir az diqqətli olsaydıq, “Kəpəz”lə görüşdə qələbə qolunu vura bilərdik. Təəssüf ki, bu, alınmadı.
- İctimaiyyətdə "Səbail" əsas rəqibini məğlub edə bilməyəcəksə, Premyer Liqada necə qalacaq” fikri yayılıb. Səncə, əsas rəqibinizi məğlub edə bilməsəz də, digər rəqibləri qarşıdakı turlarda üstələyə biləcəksiz?
- Hər oyunun hekayəsi var və hər matç da digərlərindən fərqlidir. “Kəpəz”lə görüşdə qalib gəlsəydik, liqada qalmayacaqdıq, uduzsaydıq da, liqadan düşməyəcəkdik. Ona görə də həmin görüş artıq geridə qaldı. Qarşıdakı matçlara konsentrasiya olacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- “Səbail” növbəti turda "Turan Tovuz"la qarşılaşacaq. Bu komanda ilə evdə 1:1 oynamışdınız. Səncə, bu dəfə onları məğlub edə biləcəksiniz? Mental olaraq özünüzü hazır hesab edirsiz?
- Mən komandama inanıram. Komanda şəklində oynadığımız zaman qazana biləcəyimizi düşünürəm. Öz meydanımızda da üç xal üçün oynayacağıq. Həftəboyu hazırlaşacağıq. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq.
- Baş məşqçi dəyişikliyi komandaya, futbolçulara necə təsir edir? Elvin Məmmədovdan sonra kollektivdə hansısa dəyişiklik var?
- Elvin Məmmədovu onsuz da yaxından tanıyırdıq. Onun taktikasını da hamımız bilirdik. Bu mənada, ona və oyun taktikasına uyğunlaşmağımız da çox qısa çəkdi. Millidən sonra Elvin Məmmədovla üç məşq etdik. Qısa zamanda həm mən, həm də komanda yoldaşlarımla taktikanı başa düşdük.
- Azərbaycan milli komandasına da dəvət edilmişdin. Əslində, sənin performansın əksəriyyət tərəfindən yaxşı qarşılandı və hətta matçdan sonra durumu dərk edərək, üzrxahlıq etməyin də müsbət qarşılandı. Ümumiyyətlə, milli məsələsini və uğursuzluğu necə dəyərləndirirsən?
- A millidə oynamaq, o forma ilə meydançaya çıxmaq inanılmaz duyğudur. Allah qoysa, uzun illər bu ölkəyə xidmət edərəm. Azərbaycan millisini haqq etdiyi yerlərə daşımaq bizim işimiz və üzərimizə düşən missiyadır. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.
- Necə düşünürsən, Azərbaycan millisi həqiqətən gələcək üçün perspektiv vəd edir? Fernandu Santuşla nəsə əldə edə biləcəksiz?
- Fernandu Santuş çox böyük məşqçidir. Onun təcrübəsindən yararlanmaq bizim üçün çox önəmlidir. Allah qoysa, uğurlu nəticələr qazanaraq, ölkəmizi də sevindirəcəyik. Buna çox inanıram.
- Yeni mövsüm Premyer Liqada legioner limiti olmayacaq və yerli futbolçular buna görə narahatdırlar. Məsələn, elə futbolçular var ki, onlar üçün limitin olub-olmaması problem deyil. Yəqin ki, sən də düşünürsən ki, limit olmasa da, Premyer Liqada özünə klub tapacaqsan?
- Limit söhbəti məncə, önəmlidir. Çünki xarici futbolçularla rəqabət aparmaq məcburiyyətindəyik. Bu, həm bizi inkişaf etdirir, həm də oynadığımız komandaları yuxarılara aparır. Mənim bununla bağlı hansısa qorxum yoxdur. Yaxşı olan onsuz da oynayacaq. Mən hər zaman performansımı yüksək tutmaq üçün çalışmağa davam edəcəm.