
“Qəbələ”nin sabiq futbolçusu, uzun illər bu klubda oynamış Milan Antiç apasport.az saytına müsahibə verib.
- "Qəbələ" yenidən Premyer Liqaya vəsiqə qazanmağı bacardı. Yəqin ki, sənin üçün də sevindirici nəticə oldu?
- Hər şeydən əvvəl "Qəbələ"ni Premyer Liqaya geri qayıtması münasibətilə səmimi qəlbdən təbrik edirəm. "Qəbələ" olmalı olduğu yerə qayıtdı. Bu klub hər bir şəraiti ilə yüksək liqaya layiqdir. Birinci Liqada da çox yaxşı işlər gördülər. Şadam ki, onlar bunu etməyi bacardılar.
- Bölgə klubu Kaxaber Sxadadzenin rəhbərliyi altında geridönüşü reallaşdırdı...
- Uzun müddətdir Azərbaycanda çalışan və əldə etdiyi nəticələrlə yaxşı məşqçi olduğunu bir daha sübut edən Kaxaber Sxadadzedən daha çox təcrübəyə malik məşqçi tapmaq çətindir. Məncə, bu dönəmdə o, futbolçuları da nəzərdən keçirdi və yeni sezondan ona hansı futbolçuların kömək edə biləcəyini qərarlaşdırdı. Orta yaş həddi 24-dür. Bu da yaxşıdır. Təbii ki, komandanı yaxşı transferlərlə də gücləndirmək lazımdır. Bu, mütləqdir. Əminəm ki, lazım olan addımları atacaqlar.
- Böyük ehtimalla, "Qəbələ"nin futbolçuları yeni mövsümdən artıq Bakıda yox, Qəbələdə yaşayacaq. Bu haqda fikrin necədir?
- Qəbələdə əla məşq mərkəzi var. Mən orada oynayanda biz elə Qəbələdə yaşayırdıq. Bunu qəbul etmək bizim üçün böyük problem deyildi. Düşünürəm ki, azarkeşlərin də orada öz komandalarına, oyunçularına dəstək olmaları faydalı və yaxşı olacaq. Bu, sadəcə təbii prosesdir və yaxşıdır.
- Növbəti mövsümdə Birinci Liqaya düşməmək üçün hansı addımları atmaq lazımdır?
- “Qəbələ” üçün qarşısındakı əsas vəzifə növbəti mövsümdə Premyer Liqada aşağı düşməmək üçün stabilliyi təmin etməkdir. Hər halda, mən bunun yenidən baş verəcəyini də düşünmürəm. Klubdakı insanlar çox təcrübəlidirlər və düşünürəm ki, onlar yenidənqurma ediblər, yeni plan hazırlayıblar. İnanıram ki, onlar yeni sezonda Premyer Liqada layiqli mübarizə aparacaqlar.
- "Qəbələ" vaxtilə ardıcıl iki mövsüm Avropa Liqasında qrup mərhələsinə qədər irəliləyə bilmişdi. Həmin gücü geri qaytarmaq üçün nə etmək lazımdır?
- Klubun addım-addım bunu edəcəyinə inanıram. Hər halda, komanda bir neçə ildən sonra yenidən avrokuboka namizəd olmaq üçün addım-addım inkişaf etməlidir. Əvvəl stabillik, sonra davamlılıq lazımdır. Yalnız bundan sonra Avropaya vəsiqə qazanmaq üçün mübarizə aparmaq olar. İnanıram ki, "Qəbələ" bütün lazım olan addımları atacaq. Çünki klubdakılar təcrübəli insanlardır. Serbiyadan səmimi salamlarımı çatdırıram və bir daha Premyer Liqaya çıxması münasibətilə "Qəbələ"ni təbrik edirəm.