Millimizin futbolçusu: “Xallar qazanmaqdan başqa yolumuz yoxdur”
28.08.2023 - 17:44
Millimizin futbolçusu: “Xallar qazanmaqdan başqa yolumuz yoxdur”

Azərbaycan millisinin və "Tuzlaspor"un futbolçusu Bəxtiyar Həsənalızadənin apasport.az saytına müsahibəsi

- "Tuzlaspor"da debütün baş tutdu. Oyundan öncə artıq debüt edəcəyini bilirdin, yoxsa oyun günü dəqiqləşdi? Hər hansı həyəcan var idi?
- Doğrudur, debüt etdim. Oynayacağımı oyundan əvvəl bilirdim. Baş məşqçi bu barədə bildirmişdi. Şadam ki, debütüm reallaşdı.

- Təəssüf ki, ilk oyununda komanda uduzdu. Ümumiyyətlə, matç necə alındı? Səncə, niyə komanda 0:5 hesabı ilə uduzdu? Çatışmayan nə idi?
- Komandamızın çox oyunçusu yenidir. Baş məşqçimiz də həmçinin. Komanda şəklində oyunumuzda problemlərimiz var. Anlaşmada problemlər görünür. Bizə zaman lazım olacaq.

- Qarşıdakı matçlarda yenidən əsas heyətdə səni görməyimiz mümkün olacaq? 
- Gələcək matçlarda oynamaq şansım ola bilər. Belə şeylər bəzən futbolda qaçılmazdır. Məşqlərdə əlimdən gələni edəcəm ki, yenidən əsas heyətdə olum. 

- Ümumiyyətlə, Türkiyə birinci divizionunun səviyyəsi haqda təəssüratın necədir? Çətin və səviyyəli liqa olduğunu düşünürsən?
- Çətinliyi onunla bağlıdır ki, burada daha çox güc tələb olunur. Birə-bir mübarizələrdə dəqiq oynamalısan. Onları da əvvəlcədən bilirdim. 
 
- Azərbaycan Premyer Liqası və Türkiyə birinci divizion arasında hansı fərqlər var? Müdafiəçi üçün hansı çətinlikləri və üstünlükləri var?
- Azərbaycan Premyer Liqasında oyunlar daha çox taktiki gedişlər üzərində qurulur. Burada bir neçə klub o tərzdə oynayır. Qalanları isə fiziki güc hesabına çıxış edir. Meydana çıxıb, mübarizə aparırsan.

- Üç turdan sonra komandanın xalı yoxdur və "Kocaelispor"la birlikdə sonuncu pillədəsiz. Səncə, liqada qalmaq, yuxarılara qalxmaq mümkün olacaq?
- Ayrı-ayrı götürəndə, komandada istedadlı futbolçular var. Sadəcə komanda şəklində axsaqlığımız çoxdur. Hələ bu baxımdan çox işləməliyik. Ümidvaram ki, hər şey yaxşı olacaq. 

- Növbəti turda "Manisa"ya qarşı oynayacaqsız. Mövsümdə ilk xallarınızı götürə bilərsiz?
- "Manisa" liqanın iddialı komandalarındandır. Bizi çətin oyun gözləyir. Amma xallar qazanmaqdan başqa yolumuz yoxdur. Meydana bunun üçün çıxacağıq.

- Azərbaycan millisinin qarşıda oyunları var. Gözləyirsən ki, Canni De Byazi səni Belçika və İordaniya ilə matçlara dəvət etsin?
- Buradakı oyunlarda iştirak etmək istəyirəm ki, milli komandaya dəvət edilsəm, formada olum. Əgər dəvət gəlsə, əlimdən gələni edəcəm.
 

0