Millimizin məşqçisi: “Mükafatlarımızın sayı daha da artacaq”
21.11.2023 - 12:16
Millimizin məşqçisi: “Mükafatlarımızın sayı daha da artacaq”

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

U-22-nin kişilərdən ibarət millisinin məşqçisi Elbrus Rzayev bildirib ki, Avropa çempionatı maraqlı və gərgin keçib. Onun sözlərinə görə, yarışa yaxşı hazırlaşan komandamızın üzvləri ümidləri doğruldub: “Avropa çempionatında medal sayında yeni rekord vurduq. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə buna nail oldu. İndiyədək ən yaxşı halda boksçularımız 4 dəfə fəxri kürsüyə yüksəlmişdi. Nicat Hüseynovun final döyüşü çox gərgin alındı. Amma onun qələbə qazanacağına inanırdıq. Digər boksçularımız da çox əziyyət çəkmişdilər. Hamısının çıxışından razı qaldıq. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlara yol verildi. Əks təqdirdə, o da qızıl medal qazana bilərdi. Ümid edirəm ki, növbəti yarışlarda mükafatlarımızın sayı daha da artacaq”.

Avropa çempionu titulunu qoruyan Nicat Hüseynov (51 kq) 4 görüşünün hər birini inamlı qələbə ilə başa vurduğunu deyib. O, finalda erməni Rudolf Qarboyan ilə döyüşə də əvvəlcədən psixoloji cəhətdən hazır olduğunu deyib: “Püşkdən sonra yarımqrupa baxdıqda erməni ilə qarşılaşacağımı təxmin edirdim. Bu səbəbdən də rinqə çox rahat çıxdım. Yalnız qələbəni düşünürdüm və buna da nail oldum”.

Yarışın digər mükafatçıları Əzrək Bəbirov (57 kq), Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) çıxışlarını dəyərləndirib, növbəti yarışlarda medallarının əyarlarını yaxşılaşdıracaqlarına inam ifadə ediblər. Bildiriblər ki, qarşıdakı turnirlərdən Vətənə çempion kimi qayıtmaq arzusundadırlar.

Qeyd edək ki, Avropa çempionatında 5 medal qazanmaqla yeni rekord vuran millimizin heyətində Nicat Hüseynov (51 kq) ikinci dəfə qitənin ən güclüsü adını qazanıb. Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə bürünc medal əldə ediblər.

0