Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
06.02.2024 - 13:51
Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"

Ötən həftə "Sabah" klubunda baş məşqçi istefası gerçəkləşdi. Murad Musayev öz istəyi ilə klubdan getdi. 

Apasport.az xəbər verir ki, rusiyalı mütəxəssisin gedişi birmənalı qarşılanmayıb. Bu məsələylə bağlı təcrübəli menecerlərin də fikirlərini öyrəndik. 

Erkin İbrahimov bu gedişin həddən artıq böyüdüldüyünü bildirib:

"Murad Musayevin gedişini faciəyə çevirmişik. Elə bil, Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib. Yaxud dünyaca məşhur məşqçi bizi tərk edib. Burda böyüdülməli nəsə yoxdu. Murad Musayev orta səviyyəli bir məşqçi idi. O,  pis-yaxşı "Sabah"a xeyir verdi və getdi. Ümumiyyətlə, Rusiyanın özündə belə Murad Musayevi bir mövsümlük məşqçi hesab edənlər az deyil. Odur ki, onun gedişini faciəyə çevirməyib, irəli baxmaq lazımdır. Hazırda Masazır təmsilçisi yeni məşqçinin kimliyinə aydınlıq gətirməlidir. Hələlik komanda Rəşad Eyyubova tapşırılıb. Əgər klub yenə də əcnəbi məşqçinin gəlişində maraqlıdırsa, bunu qısa zamanda həll etməlidir. Artıq onların kubokda şansları qalmayıb. Amma Premyer Liqada yenə də nəyəsə ümid etmək olar. Əcnəbi məşqçinin kimliyinə nə qədər tez aydınlıq gəlsə, "bayquşlar"ı gələn mövsümə daha yaxşı hazırlamaq olacaq". 

Menecer Tural Əsgərov isə Musayevin komandadan gedişinin müəmmalı olduğunu qeyd edib: 

"Əvvəla onu deyim ki, klubun içində deyilik, Murad Musayevin niyə getdiyi haqqında dəqiq nəsə deyə bilmərik. Amma məsələyə ümumi yanaşsaq, Murad Musayev "Sabah"da qalsaydı, həm komandasına, həm də ölkə futboluna fayda verəcəkdi".

Abdulla İsmayıloğlu

0