Nazim Əliyev: “Mümkünsüz heç nə yoxdur”
12.08.2023 - 14:04
Nazim Əliyev: “Mümkünsüz heç nə yoxdur”

"Təbii ki, hər zaman klublarımızdan uğurlu nəticə gözləyirik. Amma reallıqlar da var”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri Nazim Əliyev deyib.

“Neftçi” və “Qarabağ”ın sabiq hücumçusu komandaların avrokuboklardakı çıxışını dəyərləndirib. Hər iki klubda məşqçi kimi də fəaliyyət göstərmiş Əliyev “Qarabağ”ın HİK üzərində qələbəsinə şərh verib: "Qarabağ" HİK-ə qarşı yaxşı oynadı və layiqli qələbəsini qazandı. Doğrudur, Finlandiya klubu asan rəqib deyildi. Skandinaviya təmsilçilərinə qarşı oynamaq hər zaman çətin olub. Amma "Qarabağ" işinin öhdəsindən uğurla gəldi və qalibiyyət əldə etdi. Səfər görüşü də asan keçməyəcək, lakin “Qarabağ”ın səfərdə də qalib gələrək pley-off mərhələsinə düşəcəyinə inanıram”.

Mütəxəssis “Neftçi”nin “Beşiktaş”a məğlubiyyətinə də toxunub: "Neftçi"yə gəldikdə, rəqibin çox güclü olduğunu bilirdik. "Beşiktaş" hər mövsüm Türkiyədə çempionluğa oynayır. Amma ikinci yarı göstərdi ki, komanda yaxşı futbol oynaya bilir. "Beşiktaş"a qarşı ikinci hissədə yaxşı futbol nümayiş etdirdilər. Hətta hesabı da bərabərləşdirmək mümkün idi. Şanssızlıq baş verdi. Cavab matçı da ağır və çətin keçəcək. Amma mümkünsüz heç nə yoxdur. Həm "Qarabağ”, həm "Neftçi", həm də "Sabah"a uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib, “Neftçi” 1:3 hesabı ilə uduzub.
 

0