Nazim Əliyev: “Neftçi" bu məqsədə çatmaq istəyir” - MÜSAHİBƏ
18.04.2023 - 14:38
Nazim Əliyev: “Neftçi" bu məqsədə çatmaq istəyir” - MÜSAHİBƏ

“Qarabağ” və “Neftçi”nin veteran futbolçusu Nazim Əliyevin apasport.az saytına müsahibəsi

- "Qarabağ" Premyer Liqada davam edən mövsümdə ilk məğlubiyyətini “Sabah”dan aldı. Qurban Qurbanovun komandasının bu mövsüm hansısa komandaya uduzacağını ehtimal edirdiz? 
- “Qarabağ”ın Azərbaycanda ən güclü komanda olduğunu hamımız bilirik. Təbii ki, mövsümü eyni oyunla, eyni nəticə ilə başa vurmaq, başa çatdırmaq çətindir. Bu, tək "Qarabağ" üçün deyil, hər komanda üçün belədir, ən güclü liqalarda da. "Sabah" - "Qarabağ" görüşündə açıq futbol getdi, şanslardan yararlanan komanda qalib gəldi.

- Səncə, nəyə görə “Qarabağ” bu qədər güclü olsa belə, məğlubiyyətsiz çempion ola bilmir? Ötən mövsüm də "Səbail"ə uduzmuşdular. Son dəfə məğlubiyyətsiz çempion “Kəpəz” olub...
- Doğrudur, "Kəpəz" məğlubiyyətsiz qızıl medala yiyələnib. Amma o dövrlə indiki də fərqlidir. Düzdür, "Qarabağ" mövsümü məğlubiyyətsiz çempion olmaq gücünə sahibdir. Amma komanda üçün vacib olan qarşıya qoyulan hədəflərə çatmaqdır.

- “Sabah” Azərbaycanı avrokuboklarda təmsil edəcək yeni komanda olacaq. Necə düşünürsən, onlar Azərbaycanı layiqincə təmsil edə biləcək və bunun üçün nə etməlidirlər? 
- "Sabah" bu mövsüm iddialılar sırasında idi və görünürdü  ki, qarşıya qoyulan məqsəd var. Onun uğrunda da mübarizə aparırlar. Həqiqətən də ortaya yaxşı iş qoydular və layiqli şəkildə avrokuboklara vəsiqə qazandılar. İlk dəfə avrokuboklarda çıxış edəcəklər. Hər halda, avrokuboklarda təcrübə də önəmlidir. Məncə, Konfrans Liqasında uğurlu çıxış edə bilərlər. Rəqibdən də çox şey asılı olacaq. 

- Ölkə kubokunun yarımfinal matçları bu gün start götürür. “Turan Tovuz” – “Neftçi”, “Qəbələ” – “Səbail” görüşləri oynanılacaq. Finalda kimləri görürsüz?
- Proqnoz vermək çətindir. Çünki liqa ilə kubok tamam fərqli olur. Hər iki yarımfinal görüşü də ağır və gərgin keçəcək. 

- Sabiq komandanız olan "Neftçi" haqda hansı fikirdəsiz? Onlar mövsümü titulla başa vurmaq üçün kuboku götürə biləcəklər?
- Bunun üçün şansı var. Məncə, onlar özü də bunu yaxşı başa düşür və bu məqsədə çatmaq istəyir. "Neftçi" qışdan sonra yaxşı çıxış edirdi. Son turda uduzdular, amma bəzən istənilən nəticəni qazana bilməmək də mümkündür. Fikrimcə, "Neftçi" kuboku hədəfləyib və sona qədər də bunun üçün mübarizə aparacaq.
 

0