“Neftçi” “Beşiktaş” azarkeşlərinə sektor ayırdı
08.08.2023 - 11:40
“Neftçi” “Beşiktaş” azarkeşlərinə sektor ayırdı

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Avqustun 10-da “Neftçi Arena”da qardaş Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək matç öncəsi bir sıra addımlar atılacaq. Bu, böyük maraqla gözlənilən görüşdə həm Azərbaycan, həm Türkiyədən olan azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təminatı və oyun zamanı fanatlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almağa xidmət edir.

Bu məqsədlə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Qarşılaşmaya marağın böyük olduğu nəzərə alınaraq “Neftçi Arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşiktaş” tərəfdarları bu sektora bilet əldə etmək üçün öz komandalarının müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubuna və ya digər komandalara məxsus atributları daşıyan fanatların girişi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” rəhbərliyi təhlükəsizlik üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inandığını bəyan edib. 

Qeyd edək ki, oyunun biletləri bu gün itikcet.az saytında satışa çıxarılacaq.
 

0