Okan Buruk: "Qarabağ"ı bəyəndim"
26.03.2023 - 22:12
Okan Buruk: "Qarabağ"ı bəyəndim"

"Buraya gəldiyinizə görə, bu stadionda azərbaycanlı qardaşlarımızla birlikdə olduğumuz üçün şadıq. Bu şəhərdə möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Bu oyunun əsas məqsədi Türkiyədəki zəlzələyə edilən yardımlar idi. İkincisi, Türkiyə – Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə Bakıda görüşmək idi. Hər şey mükəmməl şəkildə keçdi. "Qarabağ"a təşəkkür edirəm. Stadionda 2 komandanı da dəstəkləyən azarkeşlərə təşəkkürlər. Gözəl gecə idi. 2 komanda da çox az zədə ilə oynadı. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonuna qədər "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Davamlı oynaya bilməyənlərlə matça başladıq. Qələbə qazandıq. Buna görə də şadıq. Amma bayaq dediyim kimi, burada sizinlə birlikdə olmağımız üçün daha çox şad olduq".

Apasport.az-ın məlumatına görə, bunu "Qalatasaray"ının baş məşqçisi Okan Buruk Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

– Qardaşlıq matçı oldu. Amma dünən komandanız açıq məşqə gəlmədi, futbolçularınız da jurnalistlərlə görüşmək istəmədi...
Bu mənə aid məsələ deyil.

– "Qalatasaray" 2 il əvvəl Bakıya gəlmişdi. Pandemiyaya görə stadion boş idi. Fatih Terim söz vermişdi ki, Bakıya gələcəklər. O sözü siz tutmuş oldunuz. "Qalatasaray" ildə 1-2 dəfə gələ bilər? Belə plan var?
– Bu gün başlanğıc oldu. Bundan sonra "Qarabağ"la olan dostluğumuz davam edəcək. Onlar da gələcək, biz də gələcəyik. Bakıya gec saatlarda gəldik. Matça çıxanda nəticəni yox, birlik olduğumuzu göstərmək istədik. "Qarabağ" da İstanbula gələcək. Bunun davam etməsini istəyirəm. Gözəl stadiondur, gözəl ot örtüyü var, bu cür atmosfer tez-tez tapa bilməzsiniz. Burada olduğuym müddətdə bunu davam etdirmək istəyirəm.

– "Qarabağ"da diqqətinizi çəkən oyunçu oldu?
– "Qarabağ" çox yaxşı komandadır. Millidə də oynayanları var. Bizim də bir neçə oyunçumuz millidəydi. Bugünkü matçda özünü ön plana çıxaran çox oyunçu oldu. "Qarabağ"ı bəyəndim. Yaxşı baş məşqçiyə sahibdirlər. "Qarabağ"dan savayı, başqa klublardan da gəlmiş oyunçular var idi. Çox yaxşı oynadılar. Yaxşı konsentrasiya olmuşdular. Avrokubok matçı oynayırlar kimi idilər. Biz eyni konsentrasiyanı yaşaya bilmədik. "Qarabağ" isə bunu 100 faiz meydanda qoydu.

0