Omar Hani: “Omoniya”nı keçəcəyik” - MÜSAHİBƏ
06.07.2023 - 13:08
Omar Hani: “Omoniya”nı keçəcəyik” - MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Omar Haninin apasport.az saytına müsahibəsi 

- “Qəbələ” ilə yeni müqavilə imzaladın. Başqa təkliflər yox idi? 
- Bu komandada qalmaq istədim. Təkliflər həmişə var. Amma “Qəbələ”də qalaraq komandaya yeni mövsüm avrokuboklarda və daxili oyunlarda kömək etmək istəyirəm. 

- “Qəbələ” yeni mövsümü avrokubok matçı ilə açacaq. Konfrans Liqasında “Omoniya” ilə qarşılaşacaqsınız. Püşkatmanı sizin üçün uğurlu saymaq olar?
- Potensial rəqiblərimizin hamısı yaxşı komandalar idi. İndi bəxtimizə “Omoniya” düşüb. Onsuz da, hansı rəqib düşsəydi, oynayacaqdıq, ən yaxşısına çalışacaqdıq. “Omoniya”nı yaxşı tanıyıram. APOEL-lə birlikdə Kiprin ən böyük klublarından hesab olunur. Bizim üçün yaxşı püşkatma oldu. Məncə, böyük matçlardan həzz almalıyıq. 

- Kiprdə oynadığın üçün “Omoniya”nı da yaxşı tanımalısan. Bu rəqib barədə fikrin necədir?
- Böyük və güclü komandadan söhbət edirik. Amma biz də yaxşı komandayıq, avrokuboklarda uğurlu nəticə üçün çalışacağıq.

- APOEL və “Olimpiakos”(Nikosiya) klublarında oynadığın zaman “Omoniya”ya qarşı çıxış etmisən?
- Bəli. Özü də “Omoniya”ya qarşı yaxşı oyunlar keçirmişəm. Onlar daim hücumda oynamağı sevən komandadır. Mən isə sürətli futbolçuyam deyə, əks-hücumlara cəld çıxırdıq, yaxşı oyunlar alınırdı. Ümidvaram ki, “Qəbələ”nin heyətində də “Omoniya”ya qarşı yaxşı oynayacam və komandam da yaxşı nəticə qazanacaq.

- Yəni, “Omoniya”nı keçə biləcəyinizə tam olaraq inanırsan....
- Əlbəttə, inanıram. Ümid edirəm ki, “Omoniya”nı keçə biləcəyik. Sadəcə, biz komandaya yaxşı oyunçular cəlb etməliyik. Özünüz  də bilirsiz ki, komanda hazırda komplektləşməyib. Amma məşqçilərə inanıram ki, onlar yaxşı futbolçular gətirəcək və biz hər iki görüşdə “Omoniya”ya qalib gələcəyik. 

- Bu yaxınlarda sosial şəbəkədə yetirməsi olduğun “Əl-Faysali” ilə bağlı paylaşım edərək sanki ora qayıtmaq istəyində olduğunu göstərmişdin. Bu kluba qayıtmaq ehtimalın var idi?
- Bəli, “Əl-Faysali”ni çox sevirəm. Onlar mənə çox yaxşı təklif etmişdilər. Amma mən bir neçə səbəbə görə “Qəbələ”də qalmağa üstünlük verdim. “Əl-Faysali” də əla komandadır və Asiya Çempionlar Liqasında çıxış edəcəklər.

0