"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli Ağdam klubunun bazasını ziyarət edib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandanın baş direktoru Emrah Çelikellə görüşüb.
Qonağa klubun forması hədiyyə edilib.
Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis "Qarabağ"la bağlı fikirlərini açıqlayıb: “Türkiyədə yaşasam da, özümü hər zaman "Qarabağ" ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğuma çox şadam. “Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır".
O bildirib ki, baş məşqçi Qurban Qurbanova böyük hörməti var: "Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, öz təşkilatçılığı, idarəçiliyi, öz əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.
Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər Azərbaycan klubunda çalışıb.