Orxan Hüseynov: “Daha yaxşı nəticə əldə etmək şansımız çoxdur”
02.09.2023 - 13:24
Orxan Hüseynov: “Daha yaxşı nəticə əldə etmək şansımız çoxdur”

"Çempionlar Liqası 2017-2018-ci ildən keçirilir. Ölkəmiz 2018-ci ildə ilk dəfə bu yarışda təmsil olunub. Sonrakı illərdə müəyyən səbəblərdən təmsilçilərimiz yox idi. Pandemiyaya görə də turnir baş tutmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan minifutbol federasiyasının baş katibi Orxan Hüseynov deyib. 

O bildirib ki, bu il avrokubokda çıxış edəcək klublarımızdan uğur gözləyir: “Sonuncu dəfə 2022-ci ildə Monteneqroda baş tutan ÇL-də bizim çempionumuz "Birbaşa" iştirak etdi. Yaxşı nəticə də oldu, 1/4 finala qədər irəlilədilər. Ümid edirəm ki, bu dəfə daha yaxşı çıxış edərlər. ÇL bizim bu dəfə əlamətdardır, çünki iki komandamız çıxış edəcək. "Birbaşa" və "Zirə" ÇL-də oynayacaq. Bu mövsüm bizim ölkənin daha yaxşı nəticə əldə etmək şansı çoxdur. 19 ölkənin 26 komandası iştirak edəcək. Rumıniya ev sahibi olduğu üçün üç komanda ilə mübarizə aparacaq. Çexiya, Bolqarıstan, Azərbaycan, Macarıstan iki komanda ilə təmsil olunur, İtaliya və İspaniya kimi ölkələrdən bir komanda iştirak edəcək. İkinci turnir isə avrokubokdur. Orada da ilk dəfə Azərbaycandan "Zəngəzur" komandası iştirak edəcək. Bu komanda "Qarabağ" adı ilə çempionatımızda bürünc medalçı oldu”. 

Hüseynov qeyd edib ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara müraciət ediblər: "Qarabağ" futbol klubunun çempionatımızda iştirak etmək şansı var. Bu ehtimal yüksəkdir. Ona görə də, Avropada iştirak edəcək "Qarabağ" komandası "Zəngəzur" kimi təmsil olunacaq. Bu məqsədlə ad dəyişikliyi oldu. "Zəngəzura" da uğurlar arzu edirik. Orada da çox komanda var”.

O bildirib ki, yeni komandaların yaradılması üçün hazırda maliyyə dəstəyi yoxdur: “Amma yaxın illərdə o da olacaq. Komandaların özlərinə sponsor cəlb etməsi üçün platforma hazırlayırıq. Minifutbolun təşviqinə çalışırıq, populyarlığı yaymaq istəyirik ki, bu idman növü maraqlı olsun. Ondan sonra kimsə komandalara maliyyə yatırmağa maraqlı gəlsin. Populyarlıq çox olsa, daha yaxşı olacaq. Teleyayımla bağlı danışırıq. Ötən mövsüm turun iki mərkəzi matçı İdman TV-də yayımlanırdı. Bu mövsüm də belə olacaq. Bundan sonra idman verilişinin hazırlanmasını istəyirik. İştirakçı komandalar da bizə kömək olmalıdır. "Birbaşa Bakı" komandasının sosial şəbəkə hesabları var, onlar yaxşı işləyir. Tək onlarla bitmir, bütün komandalar sosial şəbəkə hesablarını inkişaf etdirməlidir”. 

Federasiya rəsmisi  bildirib ki, Misli Premyer Liqası klubları çempionatda iştirak edəcək: "Qarabağ"la görüşümüz olub. Müsbət cavab olsa, digər klublarla da görüşəcəyik. "Neftçi" İdman Klubu ilə danışığımız oldu. Böyük ehtimalla, növbəti mövsümdən bizim liqamızda iştirak edəcəklər. Dəqiq deyil, amma ehtimal yüksəkdir. Başqa klublara da federasiyamızın rəhbəri Orxan Məmmədov rəsmi şəkildə məktub ünvanlayıb. Futzal klublarının aşağı-yuxarı tanışsızsa, o qədər lazımdır. Amma komandanın iddiasından çox şey asılıdır. "Neftçi"nin direktoru ilə danışanda, bildirdim ki, futzal çempionatında uzun illərdir oynayırsız, orada ancaq çempion avrokuboklarda çıxış edir. Minifutbol çempionatımızda isə belə şans daha çoxdur. Bu il ÇL-ə iki, avrokuboklarda bir komanda göndəririk. Bu da platformanın bir hissədir. Ölkəmizi Avropada təmsil edə bilərlər”.

0