Parataekvondoçularımızdan Qran-pridə 2 qızıl və 1 bürünc
20.09.2023 - 11:01
Parataekvondoçularımızdan Qran-pridə 2 qızıl və 1 bürünc

Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib. 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb. 

Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib. 

Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərinə məğlub edərək, ikinci qızıl medalımızı rəsmiləşdirib. Yığmamızın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.

Beləliklə, Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub. 

Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.
 

0