“Qarabağ” 10-cu çempionluğu QEYD ETDİ
27.05.2023 - 16:25
“Qarabağ” 10-cu çempionluğu QEYD ETDİ

“Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu adını qazanması münasibəti ilə tədbir təşkil olunub.

Apasport.az saytının məlumatına görə, tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Qarabağ”ın prezidenti Tahir Gözəl, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, baş məşqçi Qurban Qurbanov, futbolçu və texniki heyət, həmçinin media nümayəndələri və qonaqlar qatılıb. 

Mərasim şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.  Ardınca klub prezidenti Tahir Gözəl çıxış edib. O, baş məşqçi Qurban Qurbanov və futbolçulara təşəkkürünü çatdırıb.

Klub rəhbəri 10-cu çempionluq və ikinci ulduzun dəyərindən danışıb. O, komandadan avrokuboklarda uğur gözlədiyini dilə gətirib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Gənclər və idman naziri Fərid Qayıbov çıxışlarında “Qarabağ”ı təbrik edib. Onlar klubun qitə miqyasındakı uğurlarından danışıb, komandaya nailiyyətləri davam etdirməyi arzulayıb. İcra başçısı klub rəhbərinə xüsusi plaket təqdim edib.

Baş məşqçi Qurban Qurbanov çıxışında futbolçuların məsuliyyətli olmasından danışıb. O, oyunçuları döyüşçülərə bənzədib. 51 yaşlı mütəxəssis Avropa miqyaslı turnirlərdə oynayacaq digər klublarımıza da uğur arzulayıb.

0