"Qarabağ"ın sabiq qapıçısı: “Keçmiş komandama dəstək olacam” - Müsahibə
14.02.2024 - 20:09
"Qarabağ"ın sabiq qapıçısı: “Keçmiş komandama dəstək olacam” - Müsahibə

“Qarabağ”ın sabiq qapıçısı, karyerasını hazırda Portuqaliyanın “Torreense” klubunda davam etdirən braziliyalı futbolçu Vaqner De Silva apasport.az saytına müsahibə verib.

O, sabiq komandasının Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirəcəyi oyundan danışıb. Karyerasının böyük hissəsi Portuqaliya ilə bağlı olan təcrübəli qapıçı “Qarabağ”ın şanslarını dəyərləndirib.

- Portuqaliya birinci liqasında beşinci pillədəsiniz və yüksək liqaya vəsiqə qazana bilərsiniz. Hər şey sizi qane edir?
- Komandamız yüksək liqaya çıxmaq üçün mübarizə aparır. Ümid edirəm ki, bu dəfə bizim yüksək liqaya çıxmaq arzumuz reallaşacaq. Hazırda 5-ci pillədəyik, amma yuxarılardan da xal baxımından uzaq deyilik.

- "Qarabağ" artıq Portuqaliyaya yollanıb...
- “Qarabağ”dakı dostlarımı burada görməyi çox istəyirəm. Səbirsizliklə onların gəlişini gözləyirəm. Bu həftə “Torreense”dəki məşqlərin planlarına baxacam. Gərək götür-qoy edim, daha sonra baxım ki, gələ bilirəm ya, yox. Çünki Portuqaliyada yaşadığım yerdən Braqaya üç saatlıq məsafə var. Əgər məşqlərimlə üst-üstə düşməsə, təbii ki, “Qarabağ”ı görməyə gedəcəm.

- Bəs, "Braqa"ya qarşı keçiriləcək oyunu necə, izləyəcəksən? 
- Dediyim kimi, gərək həftəlik proqramımıza baxım. Hər şey qaydasında olarsa, həm onları görməyə gələcəm, həm də məşqi izləməyə çalışacam. Bilirsiz, biz özümüz də şənbə günü evdə “Benfika”B komandasına qarşı oynayacağıq. Hazırlıqlarımız davam edir. 

- "Braqa" - "Qarabağ" oyunu haqda hansı fikirdəsən? Səncə, "Qarabağ" Portuqaliyada uğurlu nəticə qazana biləcək?
- “Braqa”ya qarşı matç olduqca çətin olacaq. Çünki “Braqa” son illərin ən yaxşı komandalarından biridir. Həqiqətən çox yaxşı heyətə malikdirlər. Amma onlar son görüşdə “Sportinq”ə böyük hesabla uduzdular. Çətin oyun olacaq. Amma hər iki komandanın taleyi Bakıda müəyyənləşəcək. “Qarabağ” keyfiyyətli klubdur. Buna görə “Braqa” üçün də çətin oyun olacaq. 

- Heç "Qarabağ"dakılarla bu oyun barədə, "Braqa" haqda söhbətin olub?
- Xeyr. Mən “Qarabağ”dakılardan yalnız tərcrüməçi Elvar Quliyevlə danışmışam. O, mənim yaxın dostumdur. Onunla hər zaman, tez-tez danışırıq. 

- "Qarabağ"ın "Braqa"nı keçmək ehtimalı nə qədərdir? Bunun baş verəcəyi təqdirdə, Portuqaliyada sürpriz hesab ediləcək?
- Bayaq dediyim kimi, “Braqa” son illərdə Portuqaliyanın ən yaxşı komandalarından biridir. Onlar bir neçə gün əvvəl burada ən vacib turnirlərdən birini qazanıblar. Avrokubok oyunları üçün də böyük motivasiyaları var. “Qarabağ” və “Braqa” komandalarının oyunu əla olacaq. Çünki “Qarabağ”ın da çox yaxşı baş məşqçisi və heyəti var. Mən bu görüşlərdə “Qarabağ”a dəstək olacam.

- "Qarabağ"ın hazırkı qolkiperi Andrey Lunyov barədə fikrin necədir? Onun performansını bəyənirsən?
- Təbii ki, Lunyovu tanıyıram. Məncə, o, çox yaxşı qapıçıdır. “Qarabağ”da da çox yaxşı səviyyədədir. Komandaya da köməyini göstərir.

0