“Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
21.06.2022 - 17:30
“Qarabağ”ın yeni tərəfdaşı:  “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”

“Qarabağ” 2022/23 mövsümündən yeni formada çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, 9 qat Azərbaycan çempionu IL’AZERO brendi altında meydana çıxacaq.

2017-ci ildən fəaliyyət göstərən və mənası “bir azərbaycanlı” olan ölkənin ilk idman geyim markası Ağdam təmsilçisinin tərəfdaşına çevrilib. “Qarabağ Azərbaycandır” idman geyimləri ilə diqqət mərkəzinə düşən, həmin geyimləri qazilərə pulsuz geyindirən və dünya ulduzlarının brendinə çevrilən İL ’ AZERO yeni mövsümdən Çempionlar Liqasında oynayacaq komandanın partnyoru olacaq.  

IL’AZEROnun yarandığı ilk gündən məqsədi Azərbaycan idmanı və idmançılarını beynəlxalq arenada milli ornamentlərlə, ölkəmizə məxsus simvolika ilə yüksək səviyyədə təmin etməkdir. Əməkdaşımızla söhbətində brendin təsisçisi İlqar İmamquliyev bildirib ki, ən böyük hədəfi Azərbaycan idmanının önəmli simalarını geyindirmək olub və bu yolda uğurla addımlayırlar: “Bizim üçün böyük bir futbol klubunu, hətta idmanımızın ikonasına çevrilən, Azərbaycan futbolu dedikdə nəzərləri üzərinə toplayan “Qarabağ”ı və xüsusilə Çempionlar Liqası kimi ən prestijli turnirdə çıxış edəcək komandanı geyindirmək ölkə idmanında qazana biləcəyimiz ən böyük uğurdur. Əvvəlki açıqlamalarımda da qeyd etmişəm ki, yarandığımız gündən nə vaxtsa Azərbaycanın futbol brendi olan Ağdam təmsilçisini IL’AZERO geyimləri ilə beynəlxalq arenada təmin etməkdir. İstəyimiz bu il baş tutdu və bizə çox xoşdur. “Qarabağ” gözəl bir mövsümdən sonra Çempionlar Liqasında mübarizə aparacaq. Düzdür, çətin rəqiblərlə oynayacaq. Amma “Qarabağ”a inanırıq. Düşünürük ki, bərabər şəkildə bu turnirdən də alnıaçıq, üzüağ çıxacağıq. Bu, mənim üçün böyük bir fəxrdir”. 

O bildirib ki, tam sağlam rəqabət sayəsində “Adidas”ı qabaqlayıblar: “Yeni forma ilə bağlı müxtəlif versiyalar səslənə bilər. Amma “Qarabağ” o qədər böyük klubdur ki, onların belə kiçik bir məsələdə qənaət etmək, yaxud da cılızlığa getmək kimi heç bir zaman nə fikri olmayıb, nə də niyyəti yoxdur. Bu anlaşma tam sağlam rəqabət çərçivəsində reallaşıb. Bilirsiz ki, bizdən öncə “Qarabağ” dünyəvi brendlər arasında ən yaxşılardan biri “Adidas”la əməkdaşlıq edirdi. Azərbaycanlı və Azərbaycan brendi olduğumuz üçün əlbəttə, bizə qapı açmaları artıq IL’AZERO üçün böyük uğur idi. Amma bu ümidi, gözləntiləri doğrultmaq da lazım idi. Bu sağlam rəqabəti yaratdıqları üçün “Qarabağ”ın rəhbərliyinə, direktoru Əmrah Çəlikələ, futbolumuzun ikonasına çevrilən Qurban Qurbanova, komandanın uğurlarında əvəzsiz pay sahibi olan baş menecer Asif Əsgərova, Elşən bəyə, İzzət bəyə, həmçinin hər bir işçisinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”. 

İmamquliyevin sözlərinə görə, əməkdaşlıq qısa zamanda reallaşmayıb: “Bu iş ötən ilin sonlarından başlayıb. Qarşımıza qoyulan şərt özümüzü doğrultmaq və bundan öncəki brendlərlə müqayisədə müəyyən üstünlüklərə nail olmaq idi. Biz də bundan yaxşı yararlandıq. Bir neçə ay müddətində həm gətirdiyimiz nümunələrlə, həm göstərdiyimiz işlərlə ən xırda detallarına qədər fikir verdik. Hətta məşq geyimlərinədək Azərbaycan klubu, ölkəmizdə ən sevimli komanda olmasına belə diqqət yetirdik. Bu, komanda rəhbərliyi, Qurban müəllim tərəfindən yüksək dəyərləndirildi. İnanın ki, bizim üçün hələ də yuxu kimi görünür, onun eyforiyasını yaşayırıq. Amma çox sevinirik ki, biz “Adidas”, “Nike” və digər dünyəvi brendlərdən geri qalmırıq. Niyə də belə gözəl insanların dəstəyilə, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən aparıcı idmançıların vasitəsilə dünyada da bizim belə bir brendimizin olduğunu göstərməyək?”. 

Brendin təsisçisinin sözlərinə görə, şirkətin bütün bütün geyimləri keyfiyyətinə görə fərqlənir və Avropanın mərkəzində istehsal olunur: “IL’AZEROnun özünəməxsus konsepti var və ilk gündən çalışmışıq ki, bəlli standartlardan çıxaq, öz idmançılarımızı beynəlxalq arenaya azərbaycanlılığı əks etdirən geyimlərlə yola salaq. Bu gün prioritetlərimizi qorumaqla bərabər, əsas üstünlüyümüz keyfiyyətdir. Biz geyimləri hansısa Asiya ölkəsində istehsal etməklə deyil, məhz Avropanın mərkəzində istehsal etməklə “Qarabağ”ımıza layiq olduğumuzu göstərmək istədik. Bu gün ola bilər ki, gənc brendik. Amma adımızın “Qarabağ” kimi futbol klubunun yanında olması, Qurban Qurbanov kimi bir məşqçini, komandanın önəmli futbolçularını geyindirmək bizim üçün fəxrdir. “Bir azərbaycanlı” brendi əslində özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini, qürurunu yaşayır. Bir daha “Qarabağ”a minnətdarlığımı bildirirəm. Əlbəttə, zövqlər müxtəlifdir. Bəyənənlər də, bəyənməyənlər də olacaq. Qısa müddətdə gördüyümüz rəğbət düzgün yolda olduğumuzu göstərdi. Bundan sonra daha yaxşı işlərlə sizi sevindirməyə çalışacağıq”. 

İmamquliyev bildirib ki, hələ sürprizləri, proyektləri çoxdur: “Azarkeşlərimizdən də hər şeyə anlayışla yanaşmasını xahiş edirik. Necə ki, ilk günlərdən sevgi və dəstək hiss etdik. Məqsədimiz Azərbaycanımıza məxsus adət-ənənəmizi, simvolikamızı qorumaq, beynəlxalq arenaya çatdırmaqdır. Artıq bunun əsil zamanı yetişib”. 

 

1