“Qəbələ” oyun öncəsi “Omoniya”nın problemləri
23.07.2023 - 14:44
“Qəbələ” oyun öncəsi “Omoniya”nın problemləri

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Apasport.az saytı xəbər verir ki, rəqib komanda Kipr Superkubokunun finalında “Aris”ə uduzub.

Mövsümdə ilk rəsmi oyununu keçirən Nikosiya klubu rəqibin vurduğu iki qolun əvəzini çıxa bilməyib. Kipr mətbuatında bu qarşılaşma ilə bağlı yazı dərc olunub. Yazıda püşkün “Omoniya” üçün münasib olduğu bildilir. Kiprli həmkarlarımız “yaşıllar”ın “Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malik olmadığını qeyd ediblər.

“Aris”lə matçda “Omoniya”nın baş məşqçisi Safronis Avqusti yeni transferlərdən üçünə start heyətində yer verib. Yarımmüdafiəçi kapo verdili Semedo Vili, müdafiəçilər malili Senu Kulibalı və brziliyalı Kipriano Marqinyos 90 dəqiqə meydanda olublar. Kulibalinin ikinci qolda səhvə yol verməsi yazıda xüsusi qabardılıb. Müəllif komandanın müdafiə xəttində çatışmazlıqları qeyd edərək, problemlərin həlli üçün zaman ehtiyac olduğu qeyd olunub.

“Omoniya”nın hücum xətti kiprliləri daha çox narahat edir. “Aris”lə Superkubok görüşündə komandanın hücumçuları 22 yaşlı Andronikos Kakuillis və 20 yaşlı Liozos Loizu ümidləri doğrultmayıblar. İlk dəqiqədən meydana çıxan gənc forvardlar rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkiblər. Bu amil “Qəbələ”nin xeyrinə sayıla bilər. 4 gün sonra Qəbələdə keçiriləcək ilk oyunda təmsilçimizin arxa xətti bu futbolçuların öhdəsindən gələ bilər. Düzdür, “Omoniya”nın heyətdində ukraynalı Roman Bezus və komoroslu Fuad Baçirous kimi yaşı 30-dan yuxarı təcrübəli forvardlar var. Amma bu oyunçular ötən mövsüm Kipr çempionatının 47 oyununda cəmi 3 qol vura biliblər.

Yuxarıda sadaladığımız amilləri nəzərə alsaq, bu cütdə “Qəbələ”nin şansı heç də pis deyil. Düzdür, Azərbaycan kubokunun qalibi də heyətdə bir çox dəyişikliklərlə üzləşib. Komandaya qoşulan yeni futbolçular yoxlama oyunlarında özlərini yaxşı tərəfdən göstərsələr də, rəsmi matç çox fərqli olacaq. İlk oyunda sərfəli nəticə sayəsində Elmar Baxşıyevin komandası növbəti mərhələyə vəsiqə qazanmaq şansı əldə edə bilər.

0