"Qəbələ"yə qayıtmaq təkcə məndən asılı deyil" - MÜSAHİBƏ
06.10.2025 - 17:43
"Qəbələ"yə qayıtmaq təkcə məndən asılı deyil" - MÜSAHİBƏ

"Qəbələ"nin sabiq müdafiəçisi, hazırda Türkiyənin " Vanspor" klubunda oynayan Lukas Afriko Apasport.az saytına müsahibə verib. 

- Türkiyədəki karyeran necə gedir? "Vanspor"da hər şey səni razı salır?
- Əlbəttə ki, mən burada özümü xoşbəxt hias edirəm. Oyunlara da çıxıram, komandam üçün ən yaxşısını etməyə çalışıram. Fikrimcə, Türkiyədə böyük uğurlara imza ata biləcəm. Hələ ki burada yeniyəm, lakin hər şeyin daha yaxşı olacağına çox inanıram. 

- Maraqlıdır, sənə Azərbaycan klublarından təklif olmuşdu, geri qayıtmağın nə dərəcədə realdır?
- Xeyr, Azərbaycan klublarından təklifim yoxdur. Gələcəkdə necə olacağını isə yalnız Allah bilir. Hər şeyin olması mümkündür. Düzünü deyim, Azərbaycanda, Bakıda yaşamağı çox bəyəndim, çox xoşuma gəldi. Azərbaycanlılar çox yaxşı insanlardır, onlarla münasibət də yaxşı idi. 

- "Qəbələ"nin oyunlarına necə, baxırsan? Onlar yenidən Premyer Liqaya vəsiqə qazandılar... 
- Bəli "Qəbələ"ni daim izlədiyim üçün onların Premyer Liqaya geri qayıtdıqlarını da gördüm. Bu xəbər məni çox sevindirdi. Ümidvaram ki, onlar böyük uğurlara imza atacaq. 

- Nə vaxtsa, yenidən "Qəbələ"yə geri qayıtmaq istəyərdin?
- Bayaq dediyim kimi, hər şey Allahın əlindədir və ən yaxşısını bilən də odur. "Qəbələ"yə qayıtmaq məsələsi təkcə məndən asılı olan məsələ deyil. Zaman hər şeyi göstərər. Mən indi Türkiyədəyəm və " Vanspor"un oyunlarına fokuslanmışam. 

- Azərbaycanda oynamağın yəqin ki, sənə əlavə təcrübə qatdı? 
- Təbii ki, belədir. Portuqaliyaya gələnə qədər yalnız Braziliyada oynamışdım. Sonradan Azərbaycana gəldim və yeni mədəniyyət, yeni təcrübə oldu. "Qəbələ"yə də daim ən yaxşısını verməyə çalışmışam. Təbii ki, doğrudur, Azərbaycanda oynamaq da təcrübəmin üzərinə təcrübə qatdı.