Qurban Qurbanov: "Bəlkə də çox ehtiyatlandıq deyə, onlar zədələndi"
11.03.2023 - 20:54
Qurban Qurbanov: "Bəlkə də çox ehtiyatlandıq deyə, onlar zədələndi"

"Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Vacib 3 xal qazzandıq. Oyundan razı qaldım. Çünki topla dinamik rəftar edirdilər. Bu bizim üçün vacib idi. Bilirdik ki, rəqibin yaxşı əks-hücumları var. Hücumda olmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadıq. Sadəcə, rəqibə ilk hissənin sonunda qol epizodu verdik. Yaxşı, dinamik oyun keçirdik. Futbolçularımı təbrik edirəm".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində "Səbail"ə 3:0 qalib gəldikləri oyundan sonra mətbuat konfransına çıxıb.

– Çempionatda ilk və son pillədəki komandalar oynadılar. Səviyyə fərqi çox idi?
– 3:0 hesabı ilə qalib gəlsək də, asan olmadı. Desək ki, çoxlu sayda qol epizodu yaratdıq... Var idi, elə də çox deyildi. "Səbail"i başa düşmək olar. Səfərdə oynayırdılar, sonuncu yerdədilər deyə, istər-istəməz ehtiyatlanırdılar. Deməzdim ki, böyük fərq var. "Səbail" "Sabah"ı kubokdan uzaqlaşdırıb. Biz özümüz kənarda qalmışıq. Hər bir komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Büdcə fərqi, şərait fərqi ola bilər. Amma futbol indi elə səviyyədədir ki, istənilən şəraitdə bacarıqlı müqavimət göstərir. Böyük fərq deməzdim.

– Rahat qələbə qazandınız, çempionluğu təmin etmisiniz. Azarkeşlər sizdən uğur gözləyir. İndidən, yoxsa çempion olduqdan sonra planları cızırsınız?
– Tam düşündüyümüz deyil. Çünki qarşıda 10 oyun var. 10 oyun 30 xal deməkdir. Bizim hələ qarşıda çox gərgin oyunlarımız var. İstənilən oyunda xal itirmək ehtimalımız var. Əsas rqiblərimizə qaşrı da oyunumuz olacaq. 9 xallıq fərq var, amma uduzan kimi 6-ya düşür. Bu barədə düşünmürük. Çempion olmaq istəyirik. Mövsümboyu bunun üçün çalışırıq. Amma bu gün hələ heç nə təmin olunmayıb. Lazım gələndə gələcək planlarımıza vaxt ayırırıq. Gələcək üçün həmişə vaxt ayırırıq.

– Millinin ayın 24-də oyunları var. Gözləntiləriniz nədir?
– Uğurlar arzulayıram. Həmişə inamla baxmalıyıq. İstənilən şəraitdə belə olmalıdır. Bütün futbolçularda çox böyük beynəlxalq təcrübə var. Əlbəttə ki, rəqiblərə həmişə real baxmalıyıq. Öz komandamdan kimi görmək istəyərəm? Bu mənlik deyil. İllər boyu xeyli sayda futbolçularımız gedib. Kimi uyğun görürlər, dəvət edəcəklər. Hər bir futbolçu millidə ən yaxşılardan olmalıdır. Həm oyunda, həm intizamda.

– Əlçatmaz olmaq hər zaman yaxşıdır. Amma söhbət bizim liqadan gedirsə və burada avrokuboklar varsa, sanki fərqli mənzərə yaranır. Bu mənada əlçatmaz olmağınız sizi narahat edir, yoxsa necə? Yəni rəqiblərin sizinlə başabaş futbol oynaya bilməsinə daha çox sevinərdiniz?
– Ola bilər ki, bu mövzu haqda çox fikir bildirə bilməyəcəyəm. Ölkə futbolunun daha yaxşı səviyyədə olması üçün çempionatın səviyyəsi yuxarı olmalıdır. Klubların şəraiti daha yaxşı olmalıdır. Bizim Avropadakı oyunlarımıza təsir edir, ya yox? Çətin sualdır. Buna tam açıq cavab verə bilməyəcəyəm. Amma hər bir halda özümüz daxil səviyyəmizi daha da yaxşılaşdıraq, digər komandalar da həmçinin. Maraq daha böyük olmaldıır. Çox istəyəridm ki, liqanın səviyyəsi yaxşılaşsın. Daha baxımlı oyunlar olsun. Xeyli dəyişiklik var. Məşqçilərimiz çox yaxşı səviyyəyə gəlib çıxırlar. Hər oyun istənilən rəqibə qarşı asan olmur. Rəqiblər çox düşünürlər. Bizə qarşı düzgün oyun qururlar. Bu məni sevindirir. 

– Filip Ozobiç və Ramil Şeydayevi gələcək mövsüm üçün komandada düşünürsünüz?
– Hazırda bizim fubtolçularımızdır. Qarşıda vaxtımız var. 

– Səbirli adamsınız. Amma Adama Diakabi və Yassin Benzyanın zədələnməsi sizi sıxmır ki?
– Desəm ki, darıxdırmır, darıxdırır. Planlarıma görə bu gün hər 2 futbolçu çox yaxşı səviyyədə olmalıydılar. Əfsuslar olsun ki, mikrozədələr mane oldu. Ona görə ehtiyatlanırdıq. Bəlkə də çox ehtiyatlandıq deyə, belə oldu. Çox istəyərdm ki, zədələnməsinlər. Biz yenə səbir edərik. Hər bir halda, belə potensiallı futbolçuların formaya düşməsini istəyərdim.

– Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə addımlar artırılıb. "Beşiktaş" Azərbaycan klubları ilə danışıq aparır. Bu barədə fikriniz? Onlar dostluq matçı üçün təklif edib?
– "Beşiktaş"la bağlı elə danışığımız olmayıb. Digər komandalara təkliflər varsa, yaxın günlərdə bilinəcək. Hamımız belə oyunun keçirilməsini, belə yardımın olmasını istərdik. Yəqin ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədərilə "Beşiktaş"la danışıq aparılmayıb.

0