Qurban Qurbanov: "Biz hər oyun dominantlıq edə bilmərik"
03.02.2024 - 18:35
Qurban Qurbanov: "Biz hər oyun dominantlıq edə bilmərik"

"Futbolçularımı təbrik edirəm. Belə gərgin oyunda çox vacib 3 xal əldə etdik. Oynamaq çətin idi. Qarşımızda çox istəkli rəqib var idi. Sonda bacardıq desək, daha düzgün olar".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Tahir Gözəl matçdan sonra paltardəyişmə otağına gəldi. Bunun xüsusi səbəbi var idi?

- Xeyr, sadəcə təbrik etdi. Mən həmin vaxt içəridə yox idim. Çıxanda görüşdük, sadəcə təbrik üçün gəlmişdi.

- Murad Musayevin "Sabah"dan gedişinə münasibətiniz necədir?

- Əlbəttə ki, üzüldüm. Bəlkə nə vaxtsa, Azərbaycana qayıdacaq. İşini sevən birisi idi. Ona qarşı oynamaq mənim üçün həmişə maraqlı idi. Biz nəyəsə müdaxilə edə bilmərik. Ancaq ona uğurlar arzulayıram.

- Murad Musayev "Qarabağ"a ağır məğlubiyyətdən sonra postundan getdi. Buna görə üzüldüznüz?

- Heç bir oyunda istəmərəm belə olsun. Mən özüm də məşqçiyəm. İstər-istəməz böyükhesablı məğlubiyyətlərə mən özüm də üzülürəm. Heç bir məşqçinin üzülməsini istəmərəm. Ümumiyyətlə məğlubiyyət futbolçulara heç də yaxşı təsir eləmir. Futboldur. Futbolu azarkeşlər üçün oynayırıq, sona qədər mübarizə aparmalıyıq. Bəzən hər futbolçu, məşqçi üçün belə məğlubiyyətlərin faydası olur.

- İkinci hissədə "Qarabağ"ın oyunu yaxşı alınmırdı. Son dəqiqələrdə isə futbolçularınız vaxt uzadırdı. Bu haqda fikirləriniz necədir?

- Qeyd etdim ki, qarşımızda çox istəkli komanda var idi. Belə meydançada topla davranmaq bir o qədər də yaxşı olmur. "Səbail"in üstünlüyü ondadır ki, bu meydançada daha çox oyun keçirirlər. Bizdə bir az problemlər olur. Digər tərəfdən biz hər oyun dominantlıq edə bilmərik. Sonda mənim futbolçularım vaxt keçirmədi. Əvvəlki dəqiqələrdə daha çox vaxt keçirilirdi, nəinki son dəqiqələrdə.

- "Braqa" ilə oyunlarda Bəhlulun yayında kimin olacağına qərar vermisiz?

- Hazırda mərkəz müdafiəçilərimiz var.Başqa futbolçuları bu mövqedə oynatmağı fikirləşmirəm. Hərənin öz mövqeyində olmağı daha uyğundur. 

- "Sabah"la kubokun cavab matçında əsas heyətə istirahət verəcəksiz?

- Demək olar ki, hər oyunda rotasiyalar edirik. Bütün futbolçuların hazırlığı eyni səviyyədə deyil. Bu gün Benzianı 45 dəqiqə belə oynatmağa görə narahat idim. Amma 60 dəqiqə oyunda oldu. Yankoviç də öz optimal formasından uzaqdır. Rotasiyalar olacaq. Qarşıdakı turlarda əsas heyəti tam formalaşdırmaq istəyirik.

- Köməkçiniz "Braqa"nın oyununu izləməyə gedəcək. Ona xüsusi tapşırıq vermisiz?

- Əlbəttə ki, hər hansı tapşırıqlar verilib. Biz özümüz zatən onların oyunlarına baxırıq. Canlı izləyərkən bəzən bizim düşünmədiyimiz elementlər olur. Buna diqqətlə baxılacaq.

- "Braqa" ilə ilk oyun üçün beyninizdə bir sistem var?

- Dəfələrlə demişəm ki, biz öz oyunumuzu yaxşılaşdırmaq istəyirik. Sadəcə, qarşımızdakı rəqibə görə bəzən bəzi detallar dəyişir. Çox ciddi dəyişikliyin edilməsini düşünmürəm.

- Bir çox klublar legioner limitinin dəyişdirilməsini tələb edir. Sizin buna münasibətiniz necədir?

- Bu barədə düşünməmişəm. İndi hər hansı cavab versəm, yanlış düşüncə olar. Bugünkü qayda nədirsə, ona əməl etməyə çalışırıq.

- "Qalatasaray"ın idman direktoru Cenk Ergün oyunu izləyirdi. Bunun səbəbi nə idi? Onunla təkbətək görüşünüz olacaq?

- Məlumatım yox idi, xoş gəlib. Görüşümüz planlaşdırılmayıb.

- Ən yaxın izləyicinizdən 18 xal qabaqdasız. "Qarabağ" növbəti turlarda stimulu haradan tapacaq?

- Biz buna arxayın olmalı deyilik. Bu gün məğlub da ola bilərdik. 10-15 xal öndəyik deyə işimiz tamamlanıb düşüncəsi yoxdur. Futbolçularımız il boyu yaxşı idman formasında olmalıdır. İstənilən nəticə bizə mane olmayacaq. Qarşıda fərqli turnirlər, fərqli oyunlar var. Çalışmalıyıq ki, komandanı həmin yarışlara yaxşı hazırlayaq.

- "Publika.az" saytında belə xəbər çıxdı ki, yuxarı dairələrdə sizin AFFA prezidentliyinə namizədliyiniz müzakirə olunur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həm də federasiyaya rəhbərlik edə bilər?

- Mən ümumiyyətlə sosial şəbəkələrdən uzağam. Xəbəri oxumamışam, indi eşidirəm. Bu, mənə aid olan bir sual deyil. "Qarabağ"dayam, bütün diqqətim komandada, çempionatda, "Braqa" ilə oyundadır. Xahiş edirəm mənə belə suallar verməyin. 

0