Qurban Qurbanov: "Bura müdafiə olunmağa gəlməmişik" - MÜSAHİBƏ
26.07.2022 - 20:59
Qurban Qurbanov: "Bura müdafiə olunmağa gəlməmişik" - MÜSAHİBƏ

"Çox vacib və maraqlı oyuna hazırlaşırıq". 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə sabah İsveçrədə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis ilk görüşdə 3:2 hesablı qələbə qazanan komandasının cavab matçına hazır olduğunu bildirib: “Fərqli oyun sistemində oynayan fərqli komandaya qarşı çıxış edəcəyik. Matça hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də həddən artıq ciddi hazırlaşır. Bunu onların son çempionat görüşündə də gördük. Həm fərqli sistemdə oynadı, həm çox futbolçuları iştirak etmədi. Ola bilər ki, sabah oyunun gedişatında bizi bəzi sürprizlər gözləsin. İstənilən halda, bütün detallara hazır olmalıyıq. Yaxşı nəticə göstərmək üçün də həddən artıq çox güc sərf eləməliyik. Demək olar ki, buna hazırıq".

- Ötən il komandanız Konfrans Liqasının pley-offuna qədər irəlilədi. Keçən mövsümlə müqayisədə komandanızda nə kimi fərqlər var? 
- Deməzdim fərq var, sadəcə rəqiblər fərqlidir. Hər rəqibə qarşı düzgün oynamağa və diqqətli olmağa çalışırıq. Sadəcə, bu mövsüm ilk mərhələdən daha ciddi rəqiblər düşdü. Ötən il həm də Çempionlar Liqası yox, Konfrans Liqası idi. Burada tam başqa səviyyə, detallar var. Çempionlar Liqası digər turnirlərdən çox fərqlənir. Bu yarışda daha çox məsuliyyət, diqqət tələb olunur və səhvlər bağışlanılmır. Ona görə də çalışmalıyıq ki, bu matçlarda səhvlərimiz az olsun. Ümumi fərq xeyli var.

- Qalib gəldiyiniz son iki oyunda eyni start heyəti meydanda olub. Adətən deyirlər ki, qalib heyəti dəyişməzlər. Sabahkı görüşlə bağlı belə düşünə bilərik?
- Bəli, ümumən belə bir düşüncə var. Mən özüm də heyəti çox dəyişməyi xoşlamıram. Amma güvəndiyim futbolçular var. İstənilən an hər bir oyunçunu düşünmədən əsas heyətdə oynada bilərəm. Həm də bəzi görüşlər fərqli olur. Bəzən heyəti eyni edib, müəyyən rotasiyalar edirsən, bəzən də oyunçu dəyişikliyi edirsən. Ola bilər ki, xırda dəyişiklik olsun. İstənilən halda sabahı gözləməli olacağıq. Qarşılaşmadan əvvəl start heyəti bilinəcək.

- Oyunun əlavə vaxta gedəcəyini və ya penaltilər seriyasına qədər uzanacağını düşünürsünüzmü?
- Ümumiyyətlə, belə görüşlərin gedişatında bu kimi şeylərə hazır olmalıyıq. Rəqibin futbolçusunun müsahibəsini oxudum, onlar üçün finala bərabər oyundur. Həm 120 dəqiqəyə, həm də penaltilər seriyasına hazır olmalıyıq. Ancaq ümumən oyunun gedişatına uyğun olaraq düzgün qərarlar verməyə çalışmalıyıq. Çünki rəqibimiz də çox ciddidir. Çox istərdik ki, ilk hissədə oyunun taleyi həll olsun. Qarşılaşmanın gedişatında bu kimi hallara hazır olmağa çalışacağıq.

- İlk oyunda açıq futbola, kifayət qədər qol epizodlarına tamaşa etdik. Bakıdakı matça oxşar ssenari gözləmək olar? 
- Hər iki komandanın elə üslubu var ki, böyük ehtimalla daha açıq oyun gedə bilər. Bura müdafiə olunmağa gəlməmişik. Görünən odur ki, rəqib də hücumda olacaq. Ola bilsin ki, açıq oyun getsin. Çox istərdik azarkeşlər üçün maraqlı mübarizə olsun. Rəqib həddən artıq məcbur eləməsə, bizim müdafiədə oturmaq fikrimiz yoxdur. Yəni qapalı oyun olacağı gözlənilmir.

0