
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Geridə qalan günlərdə pis hazırlaşmadıq. Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Pis planımız olmadı. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq".
- FKSB-nin prezidenti Cici Bekali sizə söz ataraq, komandasını motivasiya edir, komandanızı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?
- Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki, plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.
- Zədəlilərin durumu necədir?
- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Boltun olmayacağı dəqiqdir. Yankoviç isə bu gün məşqdə olacaq. Bəlkə sabah onun adını 23-lüyə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı oyunda gedişata uyğun addım atacağıq. Zədə elə bir şeydir ki, son vaxtlarda dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.
- FSKB-nin "Şkendiya" ilə oyununu izləmək planınızda var?
- O oyuna bizdən heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.
- Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etmək istəyirsiz...
- Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə oyunçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təklifləri oldu, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formasından, işə yanaşmasından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Onlar neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Yeni hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirək. Bir-birilərini tamamlasınlar. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə işimizi daha da sığortalamaq istəyirəm. Alınsa, yaxın vaxtlarda mütləq transfer etmək istəyirik.
- Hələ ki, "Qarabağ"ın əsas qapıçısı yoxdur. Çünki bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır...
- Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, çalışırıq ki, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdə işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışırıq ki, onu meydana buraxaq, haqqını alsın. Ya da Şahruddin və ya Koxalski. Hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik. Nə qədər yaxşı olsaq da, daim onun daha yaxşısını axtarırıq. Sizlər də, azarkeşlər də gözləyir.
- Sami Mmae "Qarabağ"a keçəndə, "Dinamo" azarkeşləri sosial şəbəkələrdə "Qarabağ"a təşəkkür etmişdilər ki, "sağ olun ki, onu transfer etdiz"...
- Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. O qədər fərqli-fərqli sistemlər var ki, ayrılıqda özlərinin böyük uğurları var. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlirsə, dəvət etmişik. Tam formada deyil. amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa sözlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.
- Redon Cica böyük ümidlərlə "Qarabağ"a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?
- Cica çox yaxşı hücumçudur. Digər tərəfdən Juninyonun gəlişi, sonradan Nərimanın yaxşı inkişaf etməsi səbəbindən istər-istəməz Cicaya daha az şans verdik. Bu şansa da bəzən çempionatımızda limit məsələsi mane olurdu. Amma Cicadan daha artığını əldə etdik. ÇL-də təsnifat mərhələsində qollar vurmuşdu. Həmin il ən azından AL-in qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı oyunlarda bizim üçün faydalı idi. İnanın ki, Cicanın bizimlə olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Başqa kluba keçməsinə şərait yaratdıq. O cür futbolçu daim komandada olmaq istəyir. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynayır. Qol vurmaq qabiliyyəti var, yaxşı insandır.