Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”
30.08.2023 - 18:06
Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”

“Qrup öncəsi son oyunumuzdur. İlk matçda qalib gəlmişik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” ilə sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Bu komandaya qarşı Bakıda daha da ciddi olmalıyıq. Çünki öz oyun üslubları var. Ona görə bu komandaya qarşı heç bir an boşalmaq olmaz. "Olimpiya"nın son çempionat matçına baxdıq. Uduzdular, amma hesab fərqli olmalı idi. Şanslardan istifadə edə bilmədilər. Futbolçularımı bu oyuna tam kökləməyə çalışmışıq. Sabah yaxşı oyun və yaxşı mübarizə aparıb, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolçularıma inanıram, güvənirəm".

- Sabahkı matçda sizə ən yaxşı oyununuzu göstərməyə nə mane ola bilər?
- Tam açıqlaya bilmərəm. Hesab bizi aldatmalı deyil. Bu komandanın potensialı çox yüksəkdir. Sabah onlar çəkinməyəcək, riskə gedəcək. Biz daha aqressiv olmalıyıq. Sabah daha ciddi olmalıyıq. Başqa şey haqda düşünməli deyilik. Futbolçular da bunu daha yaxşı bilir. Oyunu analiz etdik. Gördülər ki, 2:0 qalib gəlsək də, asan alınmayıb. Oyunun içində olmalıyıq.

- Bədavi Hüseynov və Patrik Andrade nə vaxt qayıdacaq?
- Vaxt var hələ. Patrik iki həftədən tez qayıtmayacaq. Bədavi də bəlkə iki həftə sonra məşqlərə başlayacaq. Yüngül zədələr deyil. Hər ikisində ciddidir. 

- Transfer işlərində aktivlik var?
- Biz aktivik. Nəzərdən keçiririk. Sadəcə son günlərdə "rəqib" tərəfdən passivlik var. Son ana qədər işin başında olacağıq. Bizə uyğun, faydalı oyunçu olsa, mütləq komandamızda görmək istəyərdik. Həmin mövqedə oynayası olsa belə. Futbolçular sıx qrafikdə oynayırlar. Ona görə əldə daha çox futbolçuya ehtiyac var. Komandanı gücləndirmək barədə indi daha çox düşünürük.

- Qapıda sabah kimə güvənəcəksiz?
- Hələ tam heyəti müəyyənləşdirməmişəm. Sabah qərar verəcəyik.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” matçı saat 20:00-da başlayacaq. Ötən həftə Sloveniyada baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 2:0 hesabı ilə qalib gəlib.

0