Avropa Liqası ilə vidalaşan “Qarabağ”da sular durulmaq bilmir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin heyətində ciddi dəyişikliklər baş verəcək.
Klub rəhbərliyi komandanı böyük ölçüdə yeniləməyi planlaşdırır.
Son çempion artıq yayda bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Bu siyahıya həm legioner, həm də yerli oyunçular daxildir.
“Qarabağ” əsasən qapı, müdafiə və hücum xəttində yeniliklərə getmək niyyətindədir.
Klub heyətinə 3 qapıçı cəlb etsə də, istədiyi qolkiperi tapa bilmir. Nə Mateuş Koxalski, nə də Şahruddin Məhəmmədəliyev inamlı təsir bağışlaya bilir.
Fabian Buntiç də az forma şansı qazanmasından narazıdır. O, yayda yeni klub axtarışına çıxacaq.
Xüsusilə, Juninyonun gedişindən sonra ön xətdə ciddi boşluq yaranıb. Yerli futbolçular Nəriman Axundzadə və Musa Qurbanlı gözləntiləri doğrultmur. Həmin forvardlardan birinin icarəyə göndərilməsi gözlənilir.
Redon Cica isə artıq komandanı tərk etməyi planlaşdırır.
Yayda baş məşqçi Qurban Qurbanovun da müqaviləsi başa çatacaq. Lakin tərəflər arasında hələ ki, yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, mütəxəssis 2008-ci ildən Ağdam klubuna rəhbərlik edir. O, bu postda 10 dəfə ölkə çempionu olub.