Qurban Qurbanov: "Gərgin oyunların bizə faydası var" - MÜSAHİBƏ
20.08.2023 - 20:22
Qurban Qurbanov: "Gərgin oyunların bizə faydası var" - MÜSAHİBƏ

“Çox gərgin oyun oldu, vacib üç xal qazandıq”.

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının III turunda “Araz-Naxçıvan” üzərindəki qələbəni şərh edib. Qurbanov futbolçuların qeyri-sabit oyunundan danışıb: "Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki komandadaoyunçuların hazırlığında bir az qeyir-sabitlik var. Bu da başadüşüləndir. Bəzi oyunçular avrokuboklarda, digərləri çempionatda oynayırlar, bəziləri isə zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini görürəm. Onların daha böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Çox əziyyət çəkdik. Onları təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Azər müəllimə, Araz Naxçıvana uğurlar arzulayıram".

- Andrey Lunyovdan gözləntiləriniz nədir? Şahruddin Məhəmmədəliyevin əsas heyətdəki yerini proqnozlaşdırmaq olar?
- Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çox azdır. Dünən ilk məşqimizdə iştirak etdi. Hazırlığı yaxşı səviyyədə deyil. Əsas qapıçının kimin olub-olmaması onların özündən asılı olacaq. Ona ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik.

- "Qarabağ" bu gün çox güc sərf etdi. Bu matç "Olimpiya" ilə oyun qabağı səmərəli hazırlıq adlandırmaq olar?
- Əlbəttə, faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq, sonda qol vurmaq oyunçulara inam verir. Təki oyun üçün faydası çox olsun. Hər bir halda, iki gün əvvəl Bakıya qayıtmışıq. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də 6-da oyun oldu. Oyundan heç üç sutka keçməyib. Oynamaq bizim borcumuzdur. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də böyük təcrübə verir. Komandaya isə təcrübə ilə yanaşı inam verir.

- "Olimpiya"nı araşdırmısız? İlk matçın səfərdə olması üstünlükdür?
- Ola bilər bir az üstünlük verir. Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar.

- Beş il əvvəl "Olimpiya" ilə oynamısız. O vaxtki rəqib kimi qalıblar?
- O vaxt rəqibi məğlub etmək heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, Portuqaliyadan xeyli sayda legionerləri var. Portuqal və ispan futboluna dah yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, hər iki oyun maraqlı olacaq.

- Bəhlul həmin oyuna qədər hazır oalcaq?
- Olmalıdır. Bu gün ağrıları azalmışdı. Sabahki məqşdə özünü necə hiss etməsi önəmlidir. Ondan sonra qərar verəcəyik.

- "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı. Yoluna davam edən tək komanda “Qarabağ”dır. Bu, sizə əlavə məsuliyyət verir?
- Məsuliyyətin bizdə olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu bizə rəhbərlik də bildirir. Məndə və futbolçularda məsuliyyət çoxdur. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Oyunlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşmüşdü. "Partizan"ın da böyük təcrübəsi var. İkinci hissəyə tam baxdım. “Sabah” uduzsa da, yaxşı, cəsarətli oynadı. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Əgər üç komandamız olsaydı, hər komandanın öz azarkeşi olduğu üçün kütlə azalardı. İndi hamı "Qarabağ"lı olacaq və bizim oyunlarımızda iştirak edəcək. Biz də maksimum daha güc sərf edək ki,onları sevindirməyə çalışacağıq.

- Mətbuatda daha bir transferin olacağı xəbəri yayılıb.
- Ola bilər ki, transfer edək. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik.

- Lunyovun hazırkı durumuna əsasən demək olarki, ondan qrup mərhələsində faydalanacaqsız...
- Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Oyun təcrübəsi son vaxtlar çox olmasa da, təcrübəsi ilə bizə kömək edə bilər. Hazırlığı mənə vacib olacaq. Qapıçı məşqçilərilə müzakirə edəcəyik. Qarşıdakı oyunlarda idman formasını geri qaytarsa, Lunyovdan istifadə edəcəyik.

- Mateus Barbosanın bakıda olduğu deyilir...
- Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdur. 

- Qaspar Panadero komandada qalacaq, yoxsa yola salınacaq?
Ayrılmaq qərarına gəlmişik. Hazırda ikinci komanda ilə məşq edir. Sadəcə komanda tapdıqdan sonra onu buraxa bilərik. Onun da hüquqları var. Müqavilə şərtlərinə sonadək əməl etməyə məcburuq. Amma özünə komanda tapması ilə bağlı məlumat bildirilib.

- Legioner futbolçu transfer ediləndə, rüsum ödənilir. Milli üzvlərinə görə isə rüsum lazım deyil. Sizdə isə 15 legioner var ki, onlardan cəmi 5-i milli üzvüdür. Bu mənada, PFL-in rüsum məsələsi "Qarabağ"ın transfer siyasətinə ciddi təsir edir? Sizi daha çox milli komanda üzvlərini axtarmağa məcbur edir?
- Maddi tərəf mənə aid olmayan məsələdir. PFL-in bayrağı altında çıxış ediriksə, nizamnəyə əməl etməliyik. Amma bəzən düşünmədiyim transfer olur. Hər hansı futbolçu müəyyən müddətə zədələnir və əlavə oyunçu gətirməyə məcbursan. Rusuma görə yox, milli üzvlərinə üstünlük veririk. Onların təcrübəsi, daim beynəlxalq oyunlarda iştirak etməsi, bizə fayda verir. Bu transfer siyasətimizə problem törətmir. 

- Arzuladığınız Adama Diakabini görürsüz?
- Belə oyunçular futbolçuya və mənə ümid verir. Baxmayaraq ki, iki oyunda qol vurub, hələ də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdir. Böyük liqalarda oynayıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdır. Daim çalışmalıdır ki, stabilliyi qoruyub saxlasın. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var.
 
- Qapıçılardan biri icarəyə veriləcək?
Heç bir klubla danışıq getmir. Bəzən hansısa oyunçu daim oynamaq istəyir. Təklif olarsa, bunu nəzərdən keçirəcəyik. Əgər olmazsa, hər dörd qapıçı bizimlə qalacaq.

0