Qurban Qurbanov: "Məğlub ola bilərik, amma..."
28.02.2024 - 16:00
Qurban Qurbanov: "Məğlub ola bilərik, amma..."

"Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Anadolu" agentliyinə müsahibəsində deyib.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisində işə başladığı ilk günlərdən söhbət açıb: "Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi".

Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinə adlayanda prezident İlham Əliyevin onlara zəng edərək telefonla təbrik etdiyini və bunun ona əlavə motivasiya olduğunu vurğulayıb.

51 yaşlı çalışdırıcı Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə də danışıb: "Matçı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə yanaşı şəhid övladları da izləyirdilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda ora qayıdacaq".

Turnirin qrup mərhələsində Bundesliqa təmsilçisi ilə qarşılaşdıqlarını xatırladan mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Bu cür səviyyəli komandaların Azərbaycana gəlməsi futbolumuza böyük fayda verəcək. Güclü rəqiblə düşsək də, püşkdən razıyıq. Yenidən böyük komanda ilə oynayacağıq, futbolçularım möhtəşəm futbolu, sürəti və dinamikanı hiss edəcəklər. Azarkeşlərimiz də matçdan həzz alacaqlar. Məğlub ola bilərik, amma meydanı döyüşmədən tərk etmək olmaz”.

Q.Qurbanov komandasını səfər oyunlarında dəstəkləyən türkiyəli azarkeşlərə də təşəkkür edib: “Biz həqiqətən qardaşıq. Hər zaman bir-birimizin yanında olmuşuq. Yaxşı gündə də, pis gündə də bir-birimizə dəstək olmuşuq. Türk xalqına böyük hörmətim və etimadım var. Türkiyəli tərəfdarlar bizi öz komandaları olaraq görürlər. Səfər matçlarında gəlib “Qarabağ”a dəstək verirlər”.

0