Qurban Qurbanov: “Özümü sığortalayacam” - MÜSAHİBƏ
02.08.2023 - 22:52
Qurban Qurbanov: “Özümü sığortalayacam” - MÜSAHİBƏ

“Hər iki komanda bir-birini yaxşı analiz etmişdi”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran Ağdam klubunun çalışdırıcısı Polşa "Rakuv"u ilə nəticənin onu məyus etdiyini bildirib. Səfərdə 2:3 hesabı ilə uduzan Qurbanov evdə 1:1 hesabı ilə başa çatan görüşün sonunda risk etdiklərini vurğulayıb: “Əfsuslar olsun ki, uduzduq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi. Xüsusən də ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. Fasilədən sonra daha üstün oynadıq. Futbolçular çox əziyyət çəkdi və sonda çox məyus oldular. Xeyli sayda qol epizdoları yaratdıq. Sadəcə üstünlük rəqibin tərəfində oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularımla birləşmişdilər. Bu məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Uduza da bilərdik. Rəqibin əks-hücumları oldu. Amma böyük risklər etdik. Alına da bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq".

- Əvəzetmələriniz tam olaraq başa düşülmədi. Elvin Cəfərquliyev və Redon Cica oyuna daha yaxşı uyğunlaşmışdı. Onları niyə dəyişdiz?
- Başa düşmədinizsə, sizi başa sala bilməyəcəm. Başa salası olsam, çox danışası olacam. Maraqlı sual oldu. 

- Avropa Liqasında HİK-lə qarşılaşacaqsız. Bu matç haqda fikriniz necədir?
- Sabahdan rəqib haqda tam yaxından tanış olmağa başlayacam. Ondan sonra tam fikirlərimi bildirəcəm.

- "Qarabağ" rəhbərliyi yenə komandaya maliyyə ayırmır. Çempionlar Liqasının qrupunu istəyiriksə, yüksək ödənişli futbolçular alınmalıdır. Avropa Liqasında da güclü rəqiblər olacaq. Klub rəhbərliyi yaxşı oyunçular gətirmək üçün maliyyə ayıracaq?
- Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, mənə suallarınızı verərdiniz. Sonra cəm halda hamısının cavabını verim.

- Çempionlar Liqasının qrupuna düşən mövsümdə klubun büdcəsinə 50 milyona yaxın vəsait daxil olmuşdu. Cənab prezident də kluba pul ayırmışdı. "Qarabağ"ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur? 
- Hər bir azərbyacanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, çoxlarının bundan xəbəri yoxdur. Buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan ftubolu üçün çox şey edib və bunu tam əminliklə deyirəm. Heç vaxt bu klubun etdiklərini bildirməmişəm. Bu klubun pulları sayılırsa... Pullar heç yerə getmir. Azərbaycan futboluna və kluba xərclənir. Mən və futbolçular daxil olmaqla, "Qarabağ"ın adının nə olduğunu bilirik. Hər birimiz kasıb uşaqlarla, kasıb futbolçularla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Bunu da etməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçürüksə, cavab verə bilməyəcəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Kiçik büdcə ilə, işimizə, futbolumuza baxıb, böyük işlər görməyə çalışırıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəm. Rəhbərlik futbolumuz üçün çox şey edib. Polşa mətbuatı, polşalılar, digərləri "Qarabağ"dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, buna təəssüf edirəm... İnanın ki, burada nə məsuliyyətisiz işçi, nə məsuliyyətisz futbolçu var. Burada olan hamı "Qarabağ"ın böyüməsi və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib.

- Hər iki matçda rəqib önə keçdikdən sonra hesabı bərabərləşdirə bilirdiz. Problem nədə idi? Niyə öncədən qol vura bilmirdiz?
- Burada izah edəsi fikrim yoxdur. Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu, nəinki "Rakuv"un. Sadəcə imkanlardan istifadə edə bilmədik. Bəlkə ustalığımız çatmadı və ya rəqib yaxşı oynadı. Futbolda elə element yoxdur ki, həmişə öncə mən qol vurmalıyam. Öz oyunumuzu göstərməyə çalışdıq. İki komanda mübarizə aparırısa, biri uduzmalıdır. Demək ki, qismətimizdə bu imiş. Amma "Rakuv"dan nə çəkindik, nə də pis oynadıq. Ürəkli idik, rəqibin üzərinə çox gedirdik.

- Həftəsonu "Zirə" ilə oynayacaqsız. Bu ağır oyundan sonra komandanı həmin matça hazırlamaq nə dərəcədə çətin olacaq?
- Belə oyunlarımız olub. Həm yorğunluq, həm məyusluq var. Amma inanıram ki, futbolçularım bacaracaqlar. Tez bir zamanda onları bərpa etməliyik, çünki avqustun 5-də oyunumuz var. Milli çempionata yaxşı başlamaq istəyiirk. Oynamayan futbolçularımız var. Böyük rotasiya edə biləcəyimiz mümkündür.

- Düşünmədən soruşsam ki, niyə bu mərhələnin qalibi "Rakuv" oldu. İlk öncə hansı fikir ağlınıza gəlmişdi? 
- Ağlıma gələn ilk o oldu ki, Polşa klubları ilə 5-ci dəfə qarşılaşırdıq. Nə vaxtsa uduza biləcəyimizi də düşünürdüm. Bu, "Rakuv"un qismətində imiş. Oyuna görə uduzmadıq. Futbolun yazılamayan qanunları var. Uğur seriyası haradasa dayanır.

- Əvvəlki illərdə deyirdiz ki, "Qarabağ"ın uğurları artdıqca, çəkinirəm. Çünki hamı daha çox şey tələb edə bilərdi. "Qarabağ"da əvvəllər daha çox yerlilər oynayırdı, indi isə 7 əcnəbi oyunçu var. Bəlkə transfer siyasətini dəyişəsiniz? "Rakuv"un yeni transferi Sonni Kittel ilk oyundaca qol vurub, komandanın mərhələ keçməsində böyük rol oynadı...
- Həm çox danışmaq olar, həm də az fikir bildirmək olar. Özümü sığortalayacam. Hər hansı fikir bildirsəm, deyəcəksiz, özünü doğru sayır. Dünyada elə komanda yoxdur ki, 10 il eyni səviyyədə olsun. "Barselona", "Real" və "Bavariya" da istədiyi transferləri həyata keçirə bilmir. Dəfələrlə demişik ki, Azərbaycana legioner gətirmək asan deyil. Juninyo Vieyra 20 dəqiqə oynadı. Bundan əvvəl mikro zədəsi var idi deyə, hazırlıq səviyyəsi aşağı idi. 10-12 futbolçudan biri dərhal komandaya adaptasiya olur. Yerli futbolçularımız əvəzetmələrdə var idi. Amma meydanda 21-22 yaşlı Elvin, Bəhlul, Toral var idi. 19 yaşlı Nərimanı meydana buraxdıq. ÇL-in oyunlarında iştirak edib. Yerliləri yetişdirib hansısa səviyyəyə çıxarmaq asan deyil. Maksimi və ya Bədavini sağ müdafiəçisi kimi oynada bilərdim. Amma gənclərin oynaması, böyüməsi üçün Toralı meydana buraxdım. Öz etdiyim bəzi işləri, verdiyim qərarları açıqlamaq istəmirəm. Bu oyunu, ÇL-in qrupunu itirə bilərəm, amma 2-3 ilə adıçəkilən oyunçuları daha yaxşı səviyyədə qazana bilərik. Milli səviyyəsində futbolçu yetişirisə, Azərbaycan futbolu üçün pis deyil.

- "Qarabağ" "Viktoriya"(Plzen) və "Rakuv" kimi qapanan klublara qarşı çətinlik çəkir. Abdullah Zubir və Leandro Andrade cinahlarda istəniləni vermədi. Bununla razısız?
- Rəqib nə qədər imkan verir, biz o qədər hücum edirik. Əlbəttə ki, əlavələr edirik. Hansısa düşündüyümüz başqa hücumlar olur. Belə rəqiblər tək bizim üçün yox çox komandalar üçün asan deyil. Buna baxmayaraq, qol epizodlarımız az olmadı. Bu cür komandalara qalib gəlmək üçün, hər bir oyunçu, istər Zubir, istər Andrade daha aktiv olmalı, daha yaxşı çıxış etməlidirlər. Desəm ki, bu gün meydanda hərəkətsiz idilər, oynamaq istəmirdilər, əksinə, bacardıqları qədər hücumlarda iştirak etdilər. Top Zubirdə olanda rəqib o zonada üç nəfərlə müdafiə olunurdu. 60-cı dəqiqədən sonra Zubir beş dəfə cərimə meydançasında istədiyini edə bildi. Amma sonluq olmadı... İki qol ötürməsi verdi, sadəcə top qapıya getmədi. Amma futbolçularımdan razı qaldım. 
 

0