Qurban Qurbanov: “Rəqibə görə oyuna hazırlaşmışıq”
25.07.2023 - 22:48
Qurban Qurbanov: “Rəqibə görə oyuna hazırlaşmışıq”

“Bizi çox ciddi, istəkli komanda ilə qarşılaşma gözləyir. “Rakuv” oyun intizamı ilə digər komandalardan çox fərqlənir”.

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Rakuv”un qonağı olacaq Ağdam klubunun çalışdırıcısı rəqib haqqında danışıb. Təcrübəli mütəxəssis Polşada yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib: “"Rakuv" oyun intizamı ilə digər komandalardan çox fərqlənir. Qışda Türkiyə toplanışı çərçivəsində bu rəqibə qarşı oynamışıq. Komandada xeyli dəyişiklik var. Daha intizamlı, daha keyfiyyətli olublar. Rəqibi daha yaxından tanımaq üçün sabah vaxtınız olacaq. Meydanda onların gücünə bələd olacağıq. Biz də çox ciddi hazırlaşmışıq. İstərdik ki, yaxşı oyun göstərək, yaxşı mübarizə aparaq. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla azarkeşlərimizi sevindirə biləcəyik”.

“Qarabağ” əvvəlki oyunlarda Polşa klublarına qarşı uğurlu nəticələrlə yadda qalıb. Qurban Qurbanov bu barədə düşünmədiyini və rəqibə ciddi yanaşdıqlarını deyib: “Bəli, həm Polşa mediasında, həm bizim mediada belə fikirlər var. Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı xeyli açıqlamalar olub. Bununla belə, mən bu barədə qətiyyən düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, bu rəqibə də o cür ciddi yanaşırıq. Bu gün Polşa yox, başqa ölkənin komandası da olsaydı, yenə eyni cür hazır olacaqdıq. Bu gün rəqibə görə oyuna hazırlaşmışıq. Əvvəlki matçları dərindən düşünsək, bu, bizə mane ola bilər. Azarkeşlərimizin də narahatlığına ehtiyac yoxdur. Yəqin rəqib daha ciddi olduğu üçün belə narahatlıq var. Bu da tam doğrudur. Meydanda rəqibə qarşı son dəqiqələrə kimi diqqətli olmalıyıq. Həm topla, həm topsuz”.

“Qarabağ”ın baş məşqçisi yanvarda “Rakuv”la keçirilən yoxlama matçı barədə də fikirlərini bildirib. O, bu dəfə Çempionlar Liqasında mübarizə aparacaqlarını və daha fərqli səviyyədə oyun olacağını vurğulayıb: “Bunlar fərqli oyunlardır. Bu, Çempionlar Liqasıdır, Türkiyədəki isə hazırlıq oyunu idi. Həmin vaxt heç bir komandanın hazırlığı eyni səviyyədə ola bilməz. Sadəcə həmin matçda bu komandanın gücünü gördük. Bu gün ondan daha yaxşı komanda var. Son matçlarına baxmışıq. Meydanda bir-birini tamamlayan futbolçular var. Bacardığımız qədər məlumat topladıq, oyunçularımıza rəqibi tanıtdıq. Bu komandaya qarşı oynamaq bizim üçün maraqlı olacaq. Ola bilər ki, bizə sürprizlər yaratsınlar. Buna hazır olmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində sabah “Rakuv”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

0