Qurban Qurbanov: "Şansları bərabər sayıram"
16.02.2024 - 02:56
Qurban Qurbanov: "Şansları bərabər sayıram"

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Braqa" üzərində 4:2 hesabı ilə qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis tur şanslarının hələ də bərabər olduğunu düşünür:


- Baxmayaraq ki, 4:2 qalib gəldik, bu, hələ ilk hissə idi. Bu cür rəqiblər cavab oyununda dönüş yaratmaq iqtidarındadır. Çətin oyun idi, sürət yüksək idi. Futbolçularımı təbrik edirəm.


- Bütün proqnozlarda favorit "Braqa" göstərilirdi. Özünüz belə qələbə gözləyirdiniz? Fikrinizcə, cütün taleyi neçə faiz həll olub?
- Proqnozlara fikir vermirəm. Real baxsaq, bəlkə də haqlı proqnozlardı. İstər reytinq, istər büdcə, istərsə də təcrübədə rəqib xeyli öndədir. Bəlkə də 4 qol vuracağımızı gözləmirdik. Şükürlər olsun ki, oyun tərəfimizdə oldu. Şansları bərabər sayıram. O da ona görə ki, cavab matçı Bakıdadır. Hamımız daha soyuqqanlı davranmalıyıq: istər komanda, istər jurnalistlər, istərsə də azarkeşlər. Qarşımızda çox ciddi "Braqa" var. Daha az səhvə yol verməliyik. Bakıda daha məsuliyyətli olmalıyıq.


- "Sabah"la oyunda olduğu kimi, bu gün də müdafiə etibarlı deyildi. Yaxın günlərdə müdafiəyə transfer gözlənilirmi?
- "Pəncərə" bağlıdı. İstəməzdik bu qədər qol buraxaq. Müdafiəyə daha ciddi yanaşmalıyıq. Bütün xətlərin oyunçuları müdafiəyə ciddi yanaşmalıdır. Baxmayaraq ki, bu gün hər iki qolu standart vəziyyətdən sonra buraxdıq.


- Nəriman Axundzadə son saniyələrdə qol epizodunu qaçırdı və final fitindən sonra göz yaşlarını saxlaya bilmədi. Onunla söhbət edə bildinizmi? Matçdan sonra futbolçuları dövriyyəyə yığıb nə dediniz?
- Nərimanla danışa bilmədim, məncə, gizlənirdi. Oyun zamanı da deyəsən, kövrəlmişdi, həmin epizodu yaşayırdı. Bəlkə də qol vursaydı, daha gec böyüyərdi. O ki, qaldı komandaya nə dediklərimə, qoy, bu, sirr olaraq qalsın. Bəlkə Bakıdakı matçdan sonra bu barədə danışaram.

 

- Sanki dünya futboluna mesaj verdiniz ki, "pul hər şeyi həll etmir". Axı, 13 milyon 100 milyona qalib gəldi...

- Ağır sualdı. Bu cür hallar zaman-zaman baş verir. Əlbəttə, onların imkanları bizdən üstündü. Daha çox pulla daha davamlı işlər qurmaq olar. Unutmayaq ki, cavab görüşü var. Daha keyfiyyətli klub olmaq üçün daha böyük büdcəyə ehtiyac var. Bu gün üçün yox, gələcək üçün.

0