Ramin Quliyev: “Qara “Neftçi”nin gücünə güc qatacaq” - MÜSAHİBƏ
26.07.2023 - 16:53
Ramin Quliyev: “Qara “Neftçi”nin gücünə güc qatacaq” - MÜSAHİBƏ

"Sabah"ın sabiq baş məşqçisi, "Neftçi"nin keçmiş futbolçusu Ramin Quliyevin apasport.az saytına müsahibəsi

- Konfrans Liqasındakı təmsilçilərimizdən "Sabah" bu gün mübarizəyə başlayır. Riqada RFS-lə matçdan hansı nəticəni gözləyirsən?
- "Sabah"ın avrokubokda debütü olsa da, fikrimcə, yaxşı nəticə ilə geri dönəcəklər. Çünki komanda yaxşı komplektləşib. Məncə, istədikləri nəticə ola bilər.

- RFS artıq Konfrans Liqasında qrupunda oynayıb. Hazırda Latviya çempionatı davam etdiyindən bunun "Sabah"a mənfi təsiri ola bilər?
- Yeganə təsir edə biləcək məqam Latviya çempionatının davam etməsidir. Buna baxmayaraq, "Sabah" təlim-məşq toplanışında yaxşı komandalarla oynadı. Ona görə də, çox da təsir etməyəcəni düşünürəm. 

- İlk matçda hansı nəticənin olacağını ehtimal edirsiz? 
- Daha diqqətli və səbirli olmaq lazım gələcək. Çünki hər iki komanda qapalı və səhvsiz oynamağa çalışacağıq. Latviyadakı matçdan sonra tur haqda daha rahat danışmaq mümkündür. İndi isə nəsə demək doğru olmazdı.  

- Aleksey Kaşukun "Sabah"dan gedişi komandanın gücünü nə dərəcədə azaldır? 
- Sözsüz ki, Kaşuk "Sabah" üçün böyük fiqur idi. Özü də, komandaya yaxşı uyğunlaşmışdı. Həqiqətən çox yaxşı futbolçudur. Amma bir nəfərin gedişi o qədər də komanda oyununa təsir etməyəcək. 

- "Sabah" RFŞ səddini keçərsə, növbəti mərhələdə "Partizan"la qarşılaşacaq. Demək olar ki, "Sabah" istədiyi kimi oynasa, ilk ilindəcə qruplara kimi gedə biləcək?
- Bu mərhələdən çox şey asılı olacaq. "Sabah" bu turu keçərsə, özünəinam qazanacaq. Ondan sonra isə "Partizan"la görüş daha fərqli keçəcək. 

- Vaxtı ilə formasını geyindiyiniz "Neftçi" haqda fikriniz necədir? Onlar "Jelezniçar"la səfərdə qarşılaşacaq. Sizcə, Adrian Mutu komandaya uğur qazandıracaq?
- "Neftçi"də böyük dəyişikliklər gedir. Komandanı formalaşdırırlar. Ona görə də, dəqiq heç nə demək olmur. Baş məşqçinin vaxta ehtiyacı var. Sonra nəsə fikir bildirmək olar.

- Son vaxtlarda Qara Qarayevin transferi daha çox səs-küy gətirdi. O, "Neftçi"yə xeyir verə biləcək? 
- Qarayev özünü sübut etmiş futbolçudur. Bu il "Neftçi"yə əlavə güc qatacaq. Çox düzgün transferdir. İnanıram ki, Qara komandaya fayda verəcək və gücünə güc qatacaq. Doğrudur, yaxşı olardı ki, o, bu matçlarda oynasın. Ancaq nə etmək olar? Gözləməlidir. Həmin vaxta qədər də çempionat oyunlarında komandaya tam uyğunlaşar.

0