Rauf Mehdiyev: “Yusifin “sındığına” inanmıram” - MÜSAHİBƏ
01.04.2023 - 14:05
Rauf Mehdiyev: “Yusifin “sındığına” inanmıram” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq qapıçısı Rauf Mehdiyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Avstriya və İsveçlə görüşlərdə fərqli qapıçılara şans verdi. Sizcə, bu doğru addım idi?
- İki güclü rəqiblə oynadıq. Həm Avstriya, həm İsveç bugünkü gündə çox yaxşı formada olan komandalardır. Avropada da xüsusi yer tuturlar. Yusif İmanova şans verilməsi doğru qərar idi. Hər halda, çempionat oyunlarında da çox yaxşı performans nümayiş etdirir. Bu mənada, onun Avstriya ilə matçda qapıda dayanması doğru idi.

- Bəs Yusifin çıxışını necə dəyərləndirirsən?
- İlk oyun olduğunu nəzərə alsaq, məncə, Yusif heç də pis oyun keçirmədi. Düzdür, səhvləri var idi. Millidə ilk oyununa çıxmışdı. O boyda ajiotajı, atmosferi də nəzərə almaq lazımdır. Pis dayanmadı. 

- Sizcə nəyə görə ikinci görüşdə Yusif deyil, Emil Balayev qapıda idi?
- Məşqçilər belə qərar verdilər. Buna da hörmətlə yanaşmaq lazımdır. Oradakı məşqçilər hər şeyi daha yaxşı görürlər. Emil Balayevin də səhvləri az olmadı. Onu da başa düşmək olar ki, çoxdandır beynəlxalq matçlarda oynamırdı. Oyun praktikası sarıdan əziyyət çəkirdi. Ona görə də, alınmadı. Ancaq hər üç qolkiperi milliyə layiqdirlər.

- Həm Yusif, həm də Emilin açıq-aşkar səhvləri olmasa da, yəqin ki, razılaşarsan, heç biri komandaya güvən vermədi, xilaskar rolunu da oynamadı...
- Avstriyaya qarşı matçda Yusif komandanı 1-2 qoldan xilas etdi, yaxşı seyvlərlə yadda qaldı. İsveç görüşünə gəldikdə... İnanmıram ki, hansısa qapıçı komandasını xilas etmək istəməsin. Sadəcə, alınmayanda alınmır. Emili də başa düşmək olar. İsveçlə matçda millimizi xilas etmək istəyirdi, ancaq alınmadı. 

- Sizcə, Şahruddin Məhəmmədəliyev milliyə qayıtdıqdan sonra yenə də bir nömrə olacaq? 
- Şahruddin millin bir nömrəli qapıçısıdır. Amma qayıtdıqdan sonra hər şeyə məşqçilər qərar verəcəklər. Hər halda, həmin günkü durumuna baxıb qərar qəbul edərlər. 

- Yusif İmanovun Avstriya ilə görüşdə psixoloji olaraq sarsıntı keçirə biləcəyini ehtimal edirsiz? 
- Qapıçılar psixoloji cəhətdən çox güclü olmalıdır. Yusifin psixoloji cəhətdən “sındığına” inanmıram. Cavandır, perspektivlidir. Gələcəyi qarşıdadır. Hər şey onun özündən asılıdır. Ona yenə də şans gələcək və istifadə etmək lazımdır. Hər halda, Yusif Avstriya ilə matçda daha yaxşı çıxış edə bilərdi. Lakin ilk oyun üçün pis deyildi. Avropadakı cavan qapıçılara da baxaq. İnanmıram ki, hansısa gənc qapıçı meydana çıxıb dərhal dəhşətli işlər görürlər. Hamısı yavaş-yavaş, yüksələn qrafik üzrə gedir. Cianluci Donnaruma 18 yaşında "Milan"ın qapısını qoruyanda, ona haradan zərbə vururdular qol olurdu. Amma o, hazırda dünyanın ən güclü qapıçılarından biridir. Tək qapıçılar yox, bütün futbolçular psixoloji cəhətdən güclü olmalıdır və başa düşməlidirlər ki, tənqid də olacaq, tərif də.

0