Regekampf: “İkinci hissədəki oyunumuz məni qane edir" - MÜSAHİBƏ
21.05.2023 - 20:34
Regekampf: “İkinci hissədəki oyunumuz məni qane edir" - MÜSAHİBƏ

"Bəzi qol epizodlarından yararlana bilmədik".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turundan sonra oyunu dəyərləndirib. O, 3:1 hesabı ilə qələbə qazandıqları qarşılaşmada sonradan meydana çıxanların dönüş yaratdığını bildirib: “Üç xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər bizə aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik”.

- Bu gün az oynayan futbolçulara şans verdiniz. Amma Aqil Məmmədov ehtiyatda qaldı. Bu, nə ilə bağlı idi?
- Adlar haqda danışmaq istəmirəm. Aqili çox yaxşı tanıyırıq, onun şansa ehtiyacı yoxdur. Hər zaman bizə kömək edə bilər. Hazırda Brkiçə daha çox şans vermək lazımdır. Çünki, qarşıda iki çətin oyun var. Qapıçılarla futbolçular fərqlidir. Qapıda tez-tez dəyişiklik etmək olmaz. Bəzi oyunçular dincəlməyə layiqdirlər və bəzi futbolçulara şans verdik. Ona görə də bu gün qarışıq heyətlə meydana çıxdıq. Məqsədimiz üç xal qazanmaq idi. 

- Höccət Haqverdi bu gün müdafiənin mərkəzində yer aldı... 
- Biz Höccəti mərkəz müdafiəçisi kimi gətirmişik. Bu gün Ömərə cinahda şans verdik. Göründü ki, yaxşı formadadır. Ömər həm müdafiədə etibarlıdır, həm də hücumlara yaxşı qoşulur. Ümid edirəm ki, Höccətin zədəsi ciddi deyil.

- Komandanın stabil çıxış etməsi üçün nə çatmır?
- Çoxlu futbolçular lazımdır, heyətimiz geniş olmalıdır.

- Müqaviləsi bitən futbolçularla bağlı durum nə yerdədir?
- Məndə olan məlumata görə, müqaviləsi bitən bütün futbolçulara danışıq olub. Hətta bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib.

- Əks-hücumda oynamağınızın səbəbi nə idi?
- Desəm ki, taktikamız belə idi, yalan danışmış olaram. İlk hissədə qol vurmağı planlamışdıq. Yeqor Boqomolskinin qol vurmaq üçün yaxşı fürsəti var idi. Məni narahat edən hissənin sonunda belə qol buraxmağımız oldu. Həftə ərzində standart vəziyyətlərin üzərində çox çalışmışdıq. Hamı son saniyəyə kimin oyuna köklənməlidir.

- Xarici klublardan təkliflərinizin olması şayiələri var. Bu haqda məlumat verə bilərsiz?
- Şaiyələri şərh edə bilmərəm. Burada olacağamı deyə bilərəm.

0