Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
30.01.2024 - 17:59
Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail" "Zirə"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1. 

Apasport.az xəbər verir ki, oyun sonrası keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb. 

"Hər iki komanda qələbə qazanmaq istəyirdi. Birinci hissə bizim aktiviliyimizlə keçdi, rəqibə daha çox pressinq tətbiq edirdik. Keçidlərdə aktiv olmaq istəyirdik. Bir neçə qol epizodlarımız oldu, fərqlənə bilmədik. Komanda ikinci hissəyə də yaxşı başladı. Qollar vurduq. Ondan sonra rəqib hücuma atıldı. Yetərincə boşluqlar var idi. İstəyirdik ki, boşluqlardan istifadə edərək daha böyük hesabla qalib gəlib cavab oyununa daha rahat çıxaq. Səfər qolunun üstünlüyü yoxdur. Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı. Onlar da fərqlənə bilərdi. Biz əks-hücumlarda rəqibi tuturduq. Hesab dəyişmədi. Bu gün ilk oyuna çıxdıq, fevralın 8-də ikinci oyun baş tutacaq. Kiçik üstünlüyümüz var. Qarşımızda isə "Səbail" kimi rəqib, Şahin Diniyev kimi təcrübəli mütəxəssis var. İkinci oyuna daha məsuliyyətlə hazırlaşacağıq ki, mərhələni biz adlayaq".

- Bugünkü oyunda hakimlikdən narazı qaldız?
- Bir neçə epizodda cərimə meydançası daxilində VAR nəsə incələyirdi. Amma heç bir epizoda baxmamışam. Daha çox mübahisəli epizod olanda, baxıb fikir bildirirəm. Nəsə deyə bilmirəm. Bizim vurduğumuz qollarda da incələmə oldu, zaman getdi. Hakimlik yaxşı səviyyədə idi. Epizodlara baxandan sonra bəlkə fikrimi dəyişəcəm. Bizim zərərimizə qərar olmayıb. Xırda epizodlardakı emosiyalar dünya futbolunda da var. Siz də məşqçi olsaz, eyni reaksiyanı verəcəksiz. Məhəllədə, məşqdə də futbol oynayanda belədir. Ciddi hər hansı nəticəyə təsir edən səhv olanda qabarıq şəkildə onu danışırıq. Nəticəyə təsir etməyən qərar olanda, onlar haqda danışmırıq. Heç vaxt heç kim deyə bilməz ki, mən ünsiyyət zamanı hansısa qüsura, təhqirə, təhdidə yol vermişəm. 

- Rafael Utziqin gəlişi hücumdakı kreativliyi artırıb?
- Rafael səviyyəli, yaxşı futbolçudur. Sırf hücumçu deyil. Sadəcə bu gün itkilərimiz var. Mətbuatın bundan xəbəri yoxdur. Paxtman yenə 6-7 aylıq zədələndi. Rüstəm də 2 aylıq sıradan çıxdı. Biz də 3-4 gündən bir oyun oynayırıq. Maksimum çalışırıq ki, futbolçuları qoruya-qoruya oynadaq. Hücumda Kulaç və Utziq arasında seçim edirik. Bu mərhələni belə keçmək istəyirik. Rafael Utziqin özünə də vaxt lazımdır. Meydana çıxır, mübarizə aparır. İki ay məşqçsiz qalmışdı. 15-20 gün vaxta ehtiyacı var.  Hər oyunda 5-6 dəyişiklik edirik. Futbolçuların hamısı işinə həvəslə və peşəkarcasına yanaşırlar. Çalışırlar ki, hər oyunda keyfiyyəti, intizamı meydanda qoruya bilsinlər. Çox istəyərdim ki, Paxtman və Rüstəm də sağlam olsun.

- İsmayıl və Çantakiası sintetik meydançaya görə oynatmırsız?
- Bəli, sintetik meydana görə ikisini də qoruyub-saxladıq.

- Kubokda finala getmək, yoxsa, çempionatdan avrokuboklara düşmək?
- Seçim etmirik. Hər ikisi bizim üçün çox önəmlidir. Bir-birinə bağlıdır. Bilirik ki, "Neftçi", "Sabah", "Qarabağ" bir yerdədir. Çempionatın da favoritləridir. Belə olan halda, kubokda bizim tərəfdən çempionatda üçlükdə olmayan komanda finala çıxa bilər. Bu da Konfrans Liqasına gedən yolu təhlükəyə salır. "Zirə"də ilk ilimdə 4-cü yeri tutduq, amma "Keşlə" "Sumqayıt"ı kubokda uddu və biz avrokuboklara getmədik. Bu il finala çıxmağımız, çempionatdan da Konfrans Liqasına getmək üçün çox önəmlidir.

 

0