Misli Premyer Liqasının XV turunun "Şamaxı" - "Zirə" matçından (2:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Gərgin oyun oldu. Ümumiyyətlə çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüflər olsun ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və "Şamaxı" fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində 4 futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün 4 hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, bizim hücumu gücləndirməyimizə mane olur".