Rəşad Sadıqov: "Meydanda baxımlı futbol görə bilmədik"
09.12.2023 - 19:51
Rəşad Sadıqov: "Meydanda baxımlı futbol görə bilmədik"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bağırov Premyer Liqanın 16-cı turunun “Araz-Naxçıvan”la (0:0) oyunundan sonra mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, jurnalistlərin suallarını da cavablandıran Sadıqov əvvəlcə oyun barədə fikirlərini səsləndirib. 


“Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə rəqib meydanda aktiv idi. O da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi. Stefan Akkanın zədəsi oldu, pauza getdi. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdik. Növbəti xalımızı qazandıq.


-Son turlarda qələbə yoxdur. Oyununuza təsir göstərir?
-Gərginlik onsuzda var idi. Bu da ilk sıralarda getməklə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da, böyük çətinliklər yaşamışıq. Bu da normaldır. Yuxarı pillələrdəsənsə, normaldır. Rəqib motivasiyalı ilə oynayır. 16 oyuna 28-ci xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlik.


-Ruan Renatonun yoxluğunu hiss etdiz?
-Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stopperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki stopperdən də razı qaldıq. 


-Yeni transferlər gözlənilir?
-İstəyirik. Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam. 


-Felipe Paxtman üçün mövsüm bitib?
-Bəlkə, bu ilin sonuncu turuna hazır oldu. Bəlkə, kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik.

0