Rəşad Sadıqov: “Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq”
23.11.2024 - 21:21
Rəşad Sadıqov: “Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq”

Misli Premyer Liqasının XIV turunun "Neftçi" - "Zirə" matçından (2:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. Möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyun boyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda, qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Onlar da istəkli idilər. Meydanda keyfiyyətli futbol var idi".

- Oyundan sonra azarkeşlər Qismət Alıyevə nələrsə deyirdilər. Yəqin ki, qələbəsizlikdən narazı idilər. Sizcə, azarkeşlər haqlıdırlar?
- Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları birlikdə getmişik. Bilmirəm aralarında nə söhbət olub. Azarkeşlərdir, həmişə iradlarını bildirə bilərlər. Yaxşı, çətin günləərimizdə yanlarımızda olurlar. Bunu normal qarşılayıram.

- Yaydakı "Zirə" ilə indiki "Zirə" arasında fərq nədir? 
- Bu sual hər məğlubiyyətdə verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bugünkü oyunla keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Oyunumuzda müəyyən detallar var ki, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamaq niyyətindəyik. Keçid etmək asan deyil. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda daha dəqiq olsaq, xallarımızı toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik.

- Qurban Qurbanov bildirib ki, mənə milliyə baş məşqçi gətirilib-gətirilməyəcəyimlə bağlı sual verməyin. Millinin İsveçə məğlubiyyəti, D Liqasına düşməsi sizi nə qədər təəssüfləndirir? Yerli mütəxəssis gətirmək istəyirlər...
- Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Builki görülən işlərə görə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Yeri deyil indi. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır. 

- Limit məsələsi "Zirə"nin istədiklərini həyata keçirməyə nə qədər mane olur?
- Son periodda yerli futbolçularla bağlı sıxıntılarımız oldu. Bu gün Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. "DAK Dunaysk"la matçda 5 yerli ilə oynayırdıq. Çempionatda heyəti necə formalaşdırasan, əvəzetmələri necə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.

0