Rikardo Fernandes: "Biz heç bir komandaya baxmırıq, yalnız..." - Müsahibə
04.03.2025 - 16:55
Rikardo Fernandes: "Biz heç bir komandaya baxmırıq, yalnız..." - Müsahibə

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes apasport.az saytına müsahibə verib. 

- “Şamaxı” “Səbail”lə matçda inamlı qələbə qazanmağı bacardı. Səfərdə məsqsəd mütləq üç xal qazanmaq idi, yoxsa bir xala da razı idiniz?
- Mövsümün bu mərhələsində bütün xallar vacibdir. Lakin 3 xal üçün bütün oyunlarda mübarizə aparmaq da önəmlidir. Həqiqətən xoşbəxtik, çünki vacib xallar qazandıq. Bunun üçün çox şey etdik. Şadam ki, sonda əziyyətimizin bəhrəsini gördük.

- “Şamaxı" ikinci hissədə daha yaxşı oynadı deyə bilərik. Fasilədə nə dəyişdi ki, daha yaxşı oynayıb, qalib gəldiniz?
- Doğrudur, biz oyuna yaxşı başlaya bilmədik. Lakin rəqibin ilk hücumlarına tab gətirə bildik, oyunu sakitləşdirdik və oyunumuzu tətbiq etməyi bacardıq. Fasilədə bəzi düzəlişlər etdik və ikinci hissəyə böyük əhval-ruhiyyədə çıxdıq. Fərdi keyfiyyətlərimizi də göstərdik. Nəticədə də bizi razı salan nəticəni əldə etdik.

- “Səbail”lə matç sizin üçün darıxdırıcı keçdi? Çünki qapı istiqamətinə heç zərbə gəlmədi...
- Bu, çox konsentrasiyalı oyundur. Həmişə oyuna bağlı olmaq və komandaya ünsiyyətdə kömək etmək vacibdir. İstənilən kiçik uğursuzluq bütün oyunu dəyişə bilərdi. Sona qədər konsentrasiyanı saxlamağa çalışdım. Şadam ki, qələbə qazandıq.

- Artıq "Neftçi"dən cəmi 3 xal geridəsiniz. Sizcə, Premyer Liqada qalmaq uğrunda mübarizə apararkən bir anda daha üst pilləyə qalxa bilərsiz? İndiki hədəf odur, yoxsa ancaq Premyer Liqada qalmaq uğrunda düşünürsüz?
- Təbii ki, hər oyun bizim üçün vacibdir. Amma daha çox oyundan-oyuna növbəti görüşü düşünürük. Biz heç bir komandaya baxmırıq, yalnız öz oyunumuzu, özümüzü düşünürük. Biz özümüzə baxırıq və məqsədlərimizi bilirik. Sona qədər də bunun uğrunda mübarizə aparacağıq.

- “Şamaxı” növbəti görüşünü "Sabah"a qarşı keçirəcək. Onları bu sezon evdə məğlub etmişdiniz. Bu dəfə də bunu etmək mümkündür?
- Bütün oyunlar kimi “Sabah”a qarşı matç da çətin olacaq. Bu oyun keçmişdən tamamilə fərqli olacaq. Böyük komandaya qarşı oynayacağımızı yaxşı anlayırıq. Azarkeşlərimizə sevinc bəxş etmək üçün əlimizdən gələni etmək istəyirik.

- “Şamaxı" çox ağır həftəyə girəcək. Qarşıdakı turlarda ardıcıl olaraq, “Sabah", "Araz-Naxçıvan", "Zirə", "Neftçi" komandaları ilə qarşılaşacaqsınız. Komanda bu ağır yükə hazırdır?
- Biz bütün komandalara qarşı oynamalıyıq, heç kimin oyunları asan deyil. İlk gündən etdiyimiz kimi çox çalışmalıyıq. Nəticələr həftə ərzində görülən işlərdən asılıdır və məşqlərin bəhrəsini oyunlarda görürük. Çalışacağıq ki, bütün oyunlardan yaxşı nəticələrlə çıxaq.