Asiya Çempionlar Liqasında qalmaqal – Hakim fasilədə dəyişdirildi
26.11.2026 - 11:39
Asiya Çempionlar Liqasında qalmaqal – Hakim fasilədə dəyişdirildi

Asiya Çempionlar Liqası 2 turnirində qeyri-adi hadisə baş verib.

Apasport.az xəbər verir ki, “Əl-Cəzirə” ilə “Qol Qohar” arasında keçirilən qarşılaşmanın baş hakimi Hanna Həttab spirtli içkinin təsiri altında olması ilə bağlı iddialardan sonra fasilədə vəzifəsindən kənarlaşdırılıb.

Mübahisə suriyalı referinin başqa futbolçunun iştirak etdiyi epizoda görə qapıçı Ersin Destanoğluna sarı vərəqə göstərməsi ilə başlayıb. Etirazlardan sonra hakim qərarını ləğv edib.

Həttabın ilk hissə ərzində sərgilədiyi davranışlar futbolçularda şübhə yaradıb. Bundan sonra İran təmsilçisi ikinci hissəyə çıxmaqdan imtina edib.

Yaranmış vəziyyətə Asiya Futbol Konfederasiyası (AFC) müdaxilə edib. Qarşılaşmanın ikinci hissəsini dördüncü hakim idarə edib.

Hakimin spirtli içkinin təsiri altında olması ilə bağlı iddialar isə hələlik rəsmi təsdiqini tapmayıb.