Rövlan Muradov: “De Byazi mənə dedi ki...” - MÜSAHİBƏ
22.03.2023 - 11:53
Rövlan Muradov: “De Byazi mənə dedi ki...” - MÜSAHİBƏ

"Qəbələ"nin futbolçusu Rövlan Muradovun apasport.az saytına müsahibəsi

- Milli komandaların oyununa görə çempionata fasilə yaranıb. Bəzi legionerlər Fransaya yollanıb. Sən istirahəti necə keçirirsən? 
- Ailəmlə birlikdəyəm. Komandaya 3-4 günlük istirahət verilib. Öz ailəmlə vaxt keçirirəm. Bir azdan məşqlər başlayacaq. 

- "Qəbələ" fasiləsən öncəki son matçda "Şamaxı" ya qalib gəldi. Həmin görüşü necə dəyərləndirirsən? Rəqib sizə çətinlik yarada bilmədi... 
- Çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Yaxşı oyunla gözəl, baxımlı oyunla layiqli qələbə qazandıq. 

- Hazırda "Qəbələ" 36 xalla 5-ci pillədədir, "Zirə"yə çatmağınıza bir xal qalıb. "Zirə"ni turnir cədvəlində keçmək ehtimalınızı necə dəyərləndirirsən? 
- Ümid edirəm ki, reallaşdırarıq. Bunun üçün xal və xallar toplamalıyıq. Hər oyuna maksimum qələbə üçün çıxırıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Mövsümün sonuna az qalıb. "Qəbələ" yüksələn qrafik üzrə gedəcək, yoxsa ehtimal edirsən ki mövsümün sonuna yaxın eniş hiss oluna bilər? 
- İnanıram ki, daha da yüksəliş olar. Düzdür, sıx qrafikə girəcəyik. Həm kubok, həm də çempionat oyunlarına yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, istədiyimiz xalları toplaya biləcəyik. 

- Kubok görüşləriniz də olacaq. Avrokuboklara çempionatdan, yoxsa kubokdan yollanmaq daha rahat olar?  
- İstəyərəm ki, həm çempionatda 4-cü yeri tutaq, həm də kubokda finala vəsiqə qazanaq. Bunun üçün mübarizə aparacağıq. 

- Azərbaycan millisini Avstriya və İsveçə qarşı oyunlar gözləyir. Bu dəfə millidən dəvət gözləyirdin? Ehtimal edirdin ki, səni çağıracaqlar? 
- Təbii ki, millidən dəvət gözləyirdim. Ancaq qərara hörmətlə yanaşıram. Bu mənə əlavə stimul olar ki, daha da artırım. İnanıram ki, yaxşı oyun göstərib, xal və xallar qazanmaq olar. 

- Bir ara Canni de Byazi səninlə görüşmüşdü, sonra milliyə dəvət etdi. Onunla sonuncu dəfə dialoqunuz nə vaxt olub?
- Danışığımız elə sonuncu dəfə toplanışda olmuşdu. Dedi ki, gəncsən, daha üzərində işləməlisən, güclənməlisən, təcrübə yığmalısan. Motivasiya etmişdi, bu sözləri demişdi. 

0