Roy Kehat: "Hazırda İsraildə çox pis hadisələr yaşanır" - Müsahibə
09.10.2023 - 15:29
Roy Kehat: "Hazırda İsraildə çox pis hadisələr yaşanır" - Müsahibə

Dünən baş tutan “Sumqayıt” – “Kəpəz” matçında ev sahibi komandanın qələbə qolunu vuraraq qəhrəmana çevrilən israilli futbolçu Roy Kehat oyundan sonra apasport.az-ın suallarını cavablandırdı.

- Gərgin oyunda komandana qələbə gətirən qolun müəllifi oldun. Matçla bağlı fikirlərini bölüşərdin... 
- Son zamanlar vəziyyətimiz o qədər də yaxşı deyildi. Müəyyən bir uğursuz seriyamız vardı. Qol vurduğum üçün sevinirəm. Amma əsas olan komandamızın qələbə qazanması idi.

- Mövsümə əla start vermişdiniz. Sonrakı uğursuzluq eyforiyadan irəli gəlirdi, yoxsa rəqiblərin sizi daha yaxşı tanımasından?
- Qətiyyən hansısa eyforiyadan söhbət gedə bilməz. Məncə, bəzi oyunlarda əlimizə düşən şanslardan düzgün istifadə edə bilmədik. Bəzən ilk hissəni yaxşı oynadıq, amma davamın gətirə bilmədik. Bəzən də ikinci yarıda ağırlığımızı qoyduq. Təəssüf ki, heç bir şəkildə qələbə qazana bilmirdik.

- Bugünkü qələbənin davamın gətirmək mümkün olacaq?
- Hədəfimiz oyundan-oyuna qalib gəlməkdir. Qarşımıza konkret məqsəd qoyulmayıb. İnanıram ki, davamı gələcək..

- Böyük potensialın olduğu görünür, sanki bunu tam göstərə bilmirsən. Bu, fərqli mövqedə oynamağınla bağlıdır, yoxsa uyğunlaşma ilə bağlı çətinlik yaşayırsan? 
- Bəli, haqlısınız ki, potensialımı tam aça bilmirəm. Düşünmürəm ki, uyğunlaşma ilə bağlı problemim var. Komanda ilə bağlı hər şey qaydasındadır. İnanıram ki, mövsümün qalan oyunlarında özümü daha yaxşı tərəfdən göstərə biləcəm.

- Belə qələbədən sonra milli komandalara görə yaranacaq fasilə yerinə düşdü, yoxsa olmasa daha yaxşı olardı?
- Buna iki tərəfdən yanaşmaq olar. Birincisi odur ki, bu qələbədən sonra yaxşı seriya yaxalamaq olardı. İkinci məsələ isə odur ki, 2 həftəlik fasilədə həm istirahət edərik, həm də geridə qalan oyunlara baxıb bir az düşünərik. Bərpa olunmaq üçün yaxşı imkandır.

- Baş məşqçi cəza səbəbindən ehtiyat skamiyada yer almırdı. Fasilədə isə paltardəyişmə otağına gəlmədi. Bu məqam oyununuza hansı formada təsir etdi?
- Açığı, bilmirəm ki, fasilədə yanımıza gələ bilərdi, ya yox. Amma istənilən halda əvvəldən tapşırıqlarını vermişdi. Nə etməli olduğumuzu yaxşı bilirdik.

- Son günlər dünyanın diqqəti İsraildə baş verən hadisələrə yönəlib. Dostlarının, qohumlarının arasında itki var? 
- Hazırda orada çox pis hadisələr yaşanır. İsrailin müxtəlif şəhərlərinə hücumlar var. Həyat yoldaşımın bacısının əri hücumlar zamanı vəfat edib. Təkcə mənim deyil, hazırda orda olan istənilən tanıdığımızın, hər kəsin yaxınlarından kiminsə başına pis hadisə gəlib.

- 9 tur arxada qaldı. Premyer Liqa və rəqiblər barəsində nə düşünürsən?
- Yaxşı komandalar var. Yaxşı çempionat keçir. Ağır rəqabətin olduğu, gərgin oyunların baş tutduğu görünür. Bütün görüşlərdə yüksək tempə şahidlik edirik. Və görünən odur ki, bu komandalar arasında “Qarabağ” ən güclüsüdür. Bəzi oyunçularımız burada ilk ilini keçirir. Özümüzü sübut etmək üçün zaman lazımdır.

0