“Sabah” hamımızı sevindirir".
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov deyib.
Mütəxəssis “Sabah”ın Danimarka çempionu “Orhus”a qarşı nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib.
Eyyubov “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer Şeva” klubu ilə qarşılaşması, həmçinin Azərbaycan təmsilçilərinin Avropadakı çıxışı barədə fikirlərini bölüşüb:
“Pley-offa sadəcə vəsiqə qazanmaqla Danimarka çempionuna qarşı dominant oyun nümayiş etdirərək bu mərhələyə çıxmaq arasında böyük fərq var. Bu, klub üçün inanılmaz təcrübədir. “Sabah” səviyyəni çox yüksəyə qaldırıb və artıq Avropa Liqasını özü üçün təmin edib. Bu, böyük nailiyyətdir. Amma təbii ki, biz əsas mərhələyə vəsiqə qazanacaqlarına inanırıq".
Baş məşqçi “Hapoel Beer Şeva”nın güclü rəqib olduğunu və cütün taleyində şansların bərabər olduğunu bildirib:
“Hapoel” çox yaxşı komandadır. Bu, pley-offdur və məncə, şanslar 50/50-dir. Dambrauskas artıq bir neçə dəfə sübut edib ki, komandanı vacib oyunlara düzgün hazırlamağı bacarır".
O, “Sabah”ı gələcəkdə Çempionlar Liqasının əsas mərhələsində görmək istədiyini də deyib:
“Sabah” öz yolu ilə gedir. Əminəm ki, gec-tez onları Çempionlar Liqasında görəcəyik. İnanaq ki, bu, gec yox, tez baş verəcək".
Eyyubov digər Azərbaycan klublarının çıxışına da toxunub:
“Mən həm məşqçi, həm də azarkeş kimi daha çox klubumuzun Avropa arenasında olmasını istəyirəm. Hesab edirəm ki, həm “Zirə”, həm də “Neftçi” növbəti mərhələyə keçməyə layiq idi.
“Qarabağ” çətin vəziyyətlərdən çıxmağı bacaran komandadır. Üstünlük hazırda “Dinamo”nun tərəfindədir, amma doğma meydan amili “Qarabağ”a kömək etməlidir".